Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanovun "Evropeyskaya Pravda" nəşrinə verdiyi açıqlaması qalmaqal yaradıb...
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə Gürcüstan XİN-in məlumatında deyilir. Məlumatda açıqlanır ki, Kasyanov verdiyi ifadə ilə bağlı izahat vermək üçün Nazirliyə çağırılıb. Və görüş zamanı yalnız bu məsələ müzakirə ediləcək və ikitərəfli əlaqələrin gündəliyindəki digər məsələlərə baxılmayacaq. Digər tərəfdən isə Kasyanov jurnalistlərə açıqlamasında bildirib ki, o, dəvət əsasında Gürcüstan XİN-ə gedir və görüşdə Gürcüstan və Ukrayna arasında ikitərəfli münasibətlərə dair geniş spektrli məsələlər müzakirə ediləcək.
Xatırladırıq ki, müvəqqəti işlər vəkili Andrey Kasyanovu xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya qəbul edib. Məlumata əsasən, Andrey Kasyanovdan etdiyi açıqlama ilə bağlı izahat tələb olunub və Ukrayna vətəndaşlarının Gürcüstandan mümkün təxliyəsi ilə bağlı bəyanatına aydınlıq gətirmək istənilib. Xarici İşlər Nazirliyi qeyd edir ki, nazirin birinci müavini görüşdə əsassız və iki ölkə arasında münasibətlərə xələl gətirən bəyanatla bağlı narahatlığını Kasyanovun diqqətinə çatdırıb. Görüşdə rəsmi Kiyevin mövqeyi vuğulanıb. Bildirilib ki, Ukrayna tərəfi göstərdiyi köməyə görə Gürcüstana minnətdardır. Bu gün Ukrayna Xarici İşlər Nazirliyində də, Gürcüstanın Ukraynadakı səfiri ilə keçirilən görüşdə bir daha təsdiqlənib və qeyd olunub ki, Gürcüstanda Ukrayna vətəndaşları üçün heç bir təhlükə yoxdur.
Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov Ukrayna mətbuatına açıqlamasında bildirib ki, Ukrayna Gürcüstan və Rusiya arasında birbaşa uçuşlar bərpa edilərsə, Gürcüstandakı vətəndaşlarının təxliyəsi üçün beynəlxalq tərəfdaşlara və təşkilatlara müraciət edə bilər. Bu çıxış isə diplomatik və siyasi qalmaqal kimi dəyərləndirilir.
A.Məmmədli