Almaniya və ABŞ-dan Ukraynaya ən müasir tankların verilməsi fonunda Rusiyada növbəti kütləvi səfərbərlik barədə məlumatlar gəldi.
Ölkənin elektron media şəbəkələrində bu səfərbərliyə ciddi hazırlıqların başladığı deyilir. Eləcə də Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında bildirilir ki, artıq Krım Muxtar Respublikasının müvəqqəti işğal olunmuş ərazisində düşmən növbəti səfərbərlik dalğasına hazırlıq tədbirləri həyata keçirir: Sitat: "Belə ki, cari il yanvarın 29-dək bütün dövlət və özəl qurumlar ehtiyata buraxılan şəxslərin siyahılarını hərbi komissarlıqlara təqdim etməlidirlər. Eyni zamanda, bu il fevralın 1-dən bütün təmir-tikinti işləri dayandırılacaq. Təmir-tikinti üçün nəzərdə tutulmuş bütün vəsaitlər Ukraynaya qarşı silahlı təcavüzün dəstəklənməsinə yönəldiləcək”.
Dünən isə Rusiya Prezidenti Vladimir Putin Moskva Dövlət Universitetinin tələbə və məzunları ilə görüşündə Ukraynanı Rusiyanın qədim torpağı adlandırdı. Bu çıxış isə Ukrayna mediasında sərt tənqid edilməkdədir.
A.Məmmədli