Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazələri Bakıya gətirilib.
Tezadlar.az verir ki, tələbələrin cənazələrini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. Təyyarəni onların qohumları, yaxınları qarşılayıb.
Qeyd edək ki, Türkiyədə zəlzələ baş verdiyi vaxtdan İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında heç bir məlumat yox idi. Onların cəsədləri xeyli axtarışlar nəticəsində fevralın 14-də dağıntılar altından çıxarılıb.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələ nəticəsində həlak olanların sayı 35 min 418 nəfərə çatıb.
E.ŞİRİNOV