“Bu gün bədnam qonşu İranın üzdəniraq fars-molla rejimi Azərbaycana qarşı hər addımda riyakarlığı diqqətdən kənarda qalmır. Bu riyakarlıqlar çoxsaylı sualların yaranmasına səbəb olmaya bilməz.

İranın işğalçı Ermənistanla əlaqələrinin dərin köklərə malik olması zaman-zaman bu ölkənin  anti-Azərbaycan əməllərinin dərinləşməsində özünün aydın ifadəsini tapır.  Azərbaycanın dünyada möhkəmlənən mövqeyinə, artan nüfuzuna, Prezident İlham Əliyevin yürütdüyü uğurlu  xarici siyasətin beynəlxalq səviyyədə dəstəklənməsinə qısqanclıqla yanaşan ermənipərəst dairələr Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfəri, bölgədə yaratdığı yeni reallıqları həzm edə bilmirlər. Buna görə də regionda sabitliyin pozulması üçün hər cür çirkin əməllərə  əl atırlar. Bu sahədə ermənilərə daha çox yaxın olan Fransa və İranın Azərbaycan əleyhinə həyata keçirdikləri təxribatlar bölgədə sabitliyin pozulmasına yönəlib. Bu üç şər dövlətini birləşdirən antibəşəri dəyərlərin  geniş təhlilinə  ehtiyac yoxdur. Terroru dəstəkləməklə yanaşı, özləri bu prosesin iştirakçıları olan hər üç dövlətin ölkəmizə münasibətinin miqyasını təsəvvür etmək üçün  istər Azərbaycan torpaqlarının 30 il davam edən işğalı, istər 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi, istərsə də postmünaqişə dövründə törətdikləri əməllərin xronologiyasına diqqət yetirmək kifayətdir. İşğal  dövründə sözdə Azərbaycana dəstək verdiyini bəyan edən, əməldə isə Ermənistana  yardımlarını əsirgəməyən İran  Vətən müharibəsinin davam etdiyi müddətdə də bu çirkin əməllərindən əl çəkmədi. Bu müddətdə İranın fars-molla rejiminin Ermənistana hərtərəfli dəstəyini təsdiqləyən xeyli sayda  faktlar aşkarlandı. Tarixi Zəfərimizdən sonra bu şər üçbucağının  daha da yaxınlaşaraq Azərbaycana qarşı açıq-aşkar cəbhə yaratmaları diqqətdən kənarda qalmır”.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Tezadlar.az-a açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Tehranda  Azərbaycan səfirliyinə  silahlı hücumdan bu günədək hadisələrin gedişinə diqqət  yetirərkən məkan və zamanın  fərqli olmasına baxmayaraq,  zəncirvari şəkildə bir-birinə bağlı olan bu qanlı olaylarda İranın xüsusi xidmət orqanlarının barmağının olduğu açıq-aydın görünür: “Səfirliyimizdə yaşananlar  İranın molla rejiminin terrora dövlət səviyyəsində dəstəyinin əyani təsdiqi oldu.  Mollakratiya hadisənin məişət zəminində baş verməsi ilə bağlı  yalanlar uydurmaqda davam etdiyi bir vaxtda  Tehrandakı səfirliyimizə hücumun çirkin terror hadisəsi olduğunu bütün dünya gördü”.

Baş redaktor bildirib ki, İranın terrorçu dövlət olduğu beynəlxalq səviyyədə təsdiqini tapmış  reallıqdır və bunu bütün dünya ictimaiyyəti də etiraf edir: “Bu kimi əməllərin davamlı və sistemli hal almasında dünyanın ikili standartlara  əsaslanan  siyasəti az rol oynamır. Unutmayaq ki, 30 il davam edən işğal dövründə də Ermənistanın  Azərbaycana qarşı törətdiyi terror aktlarının əsasında dünya ictimaiyyətinin baş verənlərə laqeyd yanaşması, təcavüzkara dəstəyi dayanırdı”.

V.Rəhimzadə diqqəti fars-molla rejiminin son addımlarına yönəldərək bildirib ki, İran parlamenti aprelin  5-də Azərbaycanın İsraildə səfirliyinin açılmasını pisləyən bədnam bəyanat qəbul edib: “Həmin bəyanatda molla rejimi  abır-həya etmədən, heç bir əxlaq normasını gözləmədən, utanmazcasına  Azərbaycanın İsraildə  səfirliyinin açılmasını guya İslam dünyasının maraqlarına “zidd hərəkət” kimi dəyərləndirir. Hətta,  İranın molla deputatları bir qədər də irəli gedərək  bu addımın pislənilməsi ilə bağlı  ərəb və İslam ölkələri hökumətlərinə, İslam Əməkdaşlıq Təşkilatına çağırışlar ediblər. Görəsən, molla rejimi Azərbaycanı guya İslam dəyərlərinə zidd addım atmaqda günahlandırarkən  30 illik işğal dövründə ermənilərə dəstəyini yada salıb xəcalər çəkirmi? Ona görə məhz həmin dövrü deyirik ki,  ermənilər 30 il ərzində dini abidələrimizi dağıtmaqla, məscidlərimizdə  donuz saxlamaqla bütövlükdə İslam dünyasını açıq-aşkar təhqir edirdilər. İran isə bu əməllərə üzdə göz yumub, arxada dəstək verməklə müsəlmanların qatı düşmənləri ilə əlaqələrini daha da dərinləşdirir. Həmin riyakar bəyanatda belə bir  ikrah hissi doğuran məqam da yer alır ki, Azərbaycanın İsraildə səfirlik açmasının bir çox mənfi siyasi nəticələri olacaq. Bu, molla rejiminin həyasızlığının pik nöqtəsidir. Əgər İran  müsəlman təəssübkeşi rolunu sözdə yox, əməldə  oynasaydı, o zaman Azərbaycanın tarixi  qələbəsinə sevinərdi. Ermənistanın 30 illik işğalına son qoyan Azərbaycanın erməni vandallarını torpaqlarından qovmasından  sonra qonşu İranın ermənipərəst siyasətini davam etdirməsi nə təcavüzkar dövlətə, nə də Azərbaycana düşmən kəsildiyini hər addımında büruzə verən molla rejiminə yaxşı heç nə vəd etmir.  Bu gün Azərbaycanı  əsassız ittiham edən  İranın molla rejimi 30  ilə  yaxın   erməni işğalı altında  qalan ərazilərimizdə dini abidələrin, məscidlərin dağıdılmasını, təhqir edilməsini, məsciddə donuz saxlanılmasını susqunluqla qarşılaması əxlaqsızlığın və riyakarlığın kulminasiya nöqtəsidir. İranın riyakarlığına  heç nə ilə haqq qazandırmaq mümkün deyil. Heç bir mənəvi-əxlaqi haqqı olmadığı halda utanmadan İslam həmrəyliyindən danışan İran parlamentinin qəbul etdiyi məlum bəyanat molla rejiminin Azərbaycana qarşı necə riyakar mövqedə dayandığına bir daha işıq salır”.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, son hadisələr  İranın ölkəmizə qarşı münasibətinə  bələdçilik edir: “Qeyd etdiyimiz kimi, səfirliyimizə, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən terror aktlarının üstünün Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının  fəaliyyəti nəticəsində çox qısa zamanda açılması və qanlı hadisələrə hüquqi qiymət verilməsi onu deməyə əsas verir ki, sular durulduqca molla rejiminin Azərbaycana qarşı riyakarlığının kökündə dayanan məqamlar da aşkara çıxır. Eyni zamanda, ölkəmizə qarşı törədilən  hadisələrin ssenarisinin haradan qaynaqlandığı  bəlli olur.    Ermənistan və onun İran, Fransa kimi himayədarları 44 günlük İkinci Qarabağ müharibəsində  Azərbaycanın nəyə qadir olduğunu  gördülər. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman bu çağırış səsləndirir ki, heç bir ölkə və qüvvə Azərbaycanla təhdid dilində danışa bilməz. Azərbaycan müstəqil dövlətdir, heç bir dövlətin diktəsi ilə oturub durmur. Bu və ya digər ölkədə səfirliklərimizin açılması müstəqil Azərbaycan dövlətinin suveren hüququdur”.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN