“Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu bütün dövrlərdə dünya üçün nümunədir. Tarixən həm sevincli, həm də kədərli anlarda biri-birinin yanında olan iki qardaş ölkə dünyaya əsl qardaşlıq nümunəsini nümayiş etdirirlər.
44 günlük İkinci Qarabağ müharibəsindən sonra münasibətlərin daha da möhkəmləndiyi, müttəfiqliyin, qardaşlığın gələcək inkişafı üçün hüquqi bazanın yaradılması diqqətdən kənarda qala bilməz. Fərəhləndirici haldır ki, bu müttəfiqlik sənədinin imzalanmasına bütün türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şahidlik etdi. 2021-ci ilin 15 iyun-Milli Qurtuluş Günündə imzalanan Şuşa Bəyannaməsi dünyaya Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığının mesajını verdi. Dövlət başçısı İlham Əliyevin hər zaman çıxışlarında bildirdiyi kimi, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Bu birlik bölgə, dünya üçün təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və təhlükəsizlik o qədər də möhkəm olacaq.
Məhz münasibətlərdə yaradılan möhkəm təməl gələcək barədə aydın təsəvvürü ortaya qoyur. 44 günlük İkinci Qarabağ müharibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan tək deyil” bəyan etməklə dünyaya mesajlarını çatdırdı. Müharibənin başlandığı andan Azərbaycanın yanında olan qardaş Türkiyə tarixi Zəfərimizin dünyaya təqdimatı kimi dəyərləndirilən Zəfər paradının keçirilməsindən bu günədək daim Azərbaycanın yanındadır. Bir faktı qeyd etmək kifayətdir ki, Qarabağın və Şərqi Zəngəzurun hava qapıları dünyaya Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə açılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci il 10 dekabr tarixində Bakıda Zəfər paradından dünyaya ünvanlandığı bu mesajı xatırlatmaq istərdik: “Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir””.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Tezadlar.az-a açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan-Türkiyə birliyi regionda sabitliyin, təhlükəsizliyin qarantıdır: “İki dost ölkənin siyasi iradəsi əsasında reallığa çevrilən enerji və nəqliyyat layihələri dövlətləri, xalqları bir araya gətirir, onlar arasında dostluq körpüsü rolunu oynayır. Artıq regional çərçivəni aşaraq beynəlxalq müstəviyə keçən əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi, yeni əməkdaşlıq formatlarının yaradılması, hazırkı postmünaqişə dövründə regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması üçün Azərbaycan və Türkiyənin göstərdiyi birgə səylər göz önündədir. Çoxtərəfli əməkdaşlığın əsas tərkib hissəsi olan TANAP 2018-ci ildə istifadəyə veriləndə qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bu mühüm addımı sonrakı layihələrin müjdəsi kimi dəyərləndirdi. Azərbaycan-Türkiyə iqtisadi birliyi bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində özünü qabarıq şəkildə büruzə verir. Bu prosesdə Türkiyə şirkətləri fəal iştirak edirlər. O da məlumdur ki, 2021-ci ildə Zəngilanda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə iki qardaş ölkənin birgə investisiya layihəsi olaq “Dost Aqropark”ın təməli qoyuldu”.
YAP Xətai rayon təşkilatının sədri iki qardaş ölkənin yeni texnologiyaların inkişafı sahəsində əməkdaşlığından, gələcək əlaqələrin inkişafına gənclərin töhfələrindən də bəhs edib. Bildirib ki, ötən il 28 May-Müstəqillik Günündə ölkəmizdə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı ölkələrimiz arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürü kimi dəyərləndirildi: “Bu, eyni zamanda, bütün dünyaya Azərbaycan və Türkiyənin gələcəyə birgə addımlamaq mesajı oldu. Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində müasir innovasiyalar məkanının qurulması məsələsi əksini tapıb. “TEKNOFEST” festivalının Azərbaycanda keçirilməsi innovasiyaların miqyasını daha da genişləndirəcək. Tədbirdə səsləndirilən “TEKNOFEST” dünyaya açılarkən ilk gəldiyimiz yer təbii ki, qardaşımızın evi, Bakı olacaqdı”, “Bakıda təkcə festival keçirmirik, eyni zamanda, bütün dünyaya bir millət, iki dövlət olduğumuzu göstəririk” kimi fikirlər Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyinin nümayişi oldu”.
Vüqar Rəhimzadə qarşılıqlı səfərlərin qardaş ölkələrimiz arasında əlaqələrin inkişafında böyük əhəmiyyət kəsb etdiyini önə çəkərək bu məqama diqqəti yönəldib ki, dövlət başçısı İlham Əliyev təkcə cari ilin ötən dövründə iki dəfə Türkiyəyə səfər edib: “Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü bir çox məqamların təqdimatında öz sözünü dedi. Qardaş ölkədə baş verən zəlzələ zamanı Azərbaycan dövlətinin, xalqının keçirdiyi hisslər, sıxıntılar yardımların davamlılığında özünün ifadəsini tapdı. Həm dövlət səviyyəsində, həm də sadə vətəndaşların vasitəsilə yardım kampaniyasına başlanıldı. Dünya bu nümunədə də qardaşlığın necə olduğunu gördü. Bunun davamı olaraq Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulsa da, Prezident İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə bu tədbirin Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu və tədbir Ankarada keçirildi. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsi kimi diqqətdə oldu”.
YAP Xətai rayon təşkilatının sədri dost Türkiyənin son 20 ildə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçdiyini, dünyada söz sahibi olduğunu, güc mərkəzinə çevrildiyini də xüsusi qeyd edib. Bildirib ki, reallıq budur ki, bu gün dünyada Türkiyə ilə hesablaşırlar, ona böyük hörmət və etimad nümayiş etdirirlər: “Türkiyənin hərbi gücü, müdafiə sənayesi sahəsində böyük uğurları dünyanın diqqətindədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik”.
Vüqar Rəhimzadə onu da əlavə edib ki, aprelin 4-də Prezident İlham Əliyevə Türkiyənin son texnoloji məhsullarından olan “Togg” elektromobilinin təqdim olunması dünyaya verilən çox önəmli mesajlardan biridir: “Türkiyə və Azərbaycan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Yeni texnologiyaların tətbiqi iqtisadiyyatın inkişafını sürətləndirir ki, bu da öz növbəsində əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına xidmət edən addımlara stimul verir. Qardaş ölkənin iqtisadi imkanlarının daha da genişlənməsi üçün yeni imkanlar yaranır. Belə ki, Türkiyədə istehsal olunan ən müxtəlif təyinatlı məhsullar dünyanın fərqli bazarlarına ixrac edilir. Türkiyə ilk dəfə olaraq milli avtomobilinin istehsalına başladı. Aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olundu. Diqqəti çəkən mühüm məqamlardan biri ilk “Togg” sahibinin Türkiyə Prezidenti ilə bərabər Prezident İlham Əliyevin olmasıdır. Bu, Türkiyə Prezidentinin və xalqının Azərbaycan Prezidentinə olan yüksək ehtiramının göstəricisidir. Dövlət başçısı İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selcuk Bayraktarı qəbul edərkən bu fikri xüsusi qeyd etmişdir ki, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. “Baykar” şirkətinin istehsal etdiyi məhsullar Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində böyük rol oynadı”.