Strateji tərəfdaşlıq əlaqələri xüsusi əlaqələrdir. Bu, hər iki ölkənin üzərinə çox böyük məsuliyyət qoyur. Biz bu məsuliyyətə hazırıq. Əminəm ki, Bosniya və Herseqovina və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlar kimi bundan sonra birgə fəaliyyət göstərəcək.
TEZADLAR.AZ Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya səfəri zamanı mətbuata açıqlamasında bildirib.
"Əməkdaşlığın digər istiqamətləri ilə bağlı onu deyə bilərəm ki, ticarət dövriyyəsinin artırılması məsələsi gündəlikdədir. Biz xahiş etdik ki, bizə konkret investisiya layihələri təqdim edilsin. Biz bu layihələrə baxaq, onları incələyək və qısa müddət ərzində öz cavabımızı verək. Biz ölkənizə sərmayə qoymaqda maraqlıyıq.
Eyni zamanda, energetika sahəsində çox geniş imkanlar vardır. Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin uzunluğu 3 min 500 kilometrdir. İki ildən bir qədər çox müddət ərzində bu kəmər Avropaya təbii qazımızı nəql edir. Bu kəmər Bosniya və Herseqovinanın sərhədlərinin yanından keçir. Yaxşı olar ki, biz təbii qaz sahəsində də əməkdaşlığa başlayaq. Müvafiq göstərişlər artıq verilmişdir.
Bununla bərabər, hidroenergetika, eyni zamanda, bərpaolunan digər enerji növləri üzrə birgə araşdırmalar aparılacaq. Əminəm ki, bu istiqamətdə də ciddi addımların atılması mümkün olacaq. Azərbaycan xarici ölkələrə milyardlarla dollar həcmində sərmayə qoyubdur və əlbəttə ki, Bosniya və Herseqovina ilə bu sahədə əməkdaşlıq bizim üçün çox maraqlıdır.
Bununla paralel olaraq nəqliyyat sahəsində əməkdaşlığın bütün istiqamətləri geniş araşdırılmalıdır. Azərbaycan Orta Dəhliz layihəsi üzrə öz ərazisində bütün lazımi infrastruktur layihələrini icra edib, onları başa çatdırıb, eyni zamanda, digər ölkələrdə nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı böyük sərmayə qoyur. Ona görə Cənubi Qafqaz və Balkan regionları arasında nəqliyyat bağlantısı da hesab edirəm ki, bütün bölgələrimizdə yaşayan xalqlar üçün faydalı ola bilər.
Biz bu gün söhbət zamanı, həmçinin mədəniyyətlərarası dialoqun dərinləşməsi ilə bağlı fikir mübadiləsi apardıq, bizim təcrübəmizi bölüşdük. Hesab edirəm ki, bu istiqamətdə də birgə fəaliyyətin böyük önəmi ola bilər. Həm Bosniya və Herseqovina, həm Azərbaycan çoxkonfessiyalı ölkələrdir. Bizim ölkələrimizdə bir çox etnik qruplar yaşayır və bu etnik qrupların sülh, əmin-amanlıq, dostluq, qardaşlıq şəraitində yaşaması sabitlik üçün əsas şərtdir. Burada da fikir mübadiləsi, təcrübə mübadiləsi, birgə fəaliyyət, o cümlədən elm, təhsil sahələrində, qeyri-hökumət təşkilatları çərçivəsində birgə əməkdaşlıq üçün çox gözəl imkanlar vardır.
Mən bir daha bu dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Bir məqamı da qeyd etməliyəm ki, 1972-ci ildə - hələ Sovet İttifaqı və Yuqoslaviyanın mövcudluğu dövründə Bakı və Sarayevo arasında qardaşlaşma sazişi imzalanmışdır. O vaxtdan Sarayevo və Bakı qardaş şəhərlər sayılır. Əminəm ki, bu səfərdən sonra bizim qardaşlığımız daha möhkəm olacaq", - deyə Prezident İlham Əliyev çıxışı zamanı bildirib.
Xatırladaq ki, aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə gəlib.
Azərbaycan Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç aprelin 13-də Sarayevoda mətbuata bəyanatlarla çıxış ediblər.