Rusiyadan Argentinaya gələn şəxsi təyyarə sanksiyalara görə Cənubi Amerika ölkəsinin iki hava limanında yanacaq doldura bilməyib.
Tezadlar.az xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.
Məlumata görə, Rusiyanın RusJet şirkətinin Bombardier təyyarəsi aprelin 22-də Pataqoniyanın əsas görməli yerlərindən biri olan Perito Moreno buzlağının yanında yerləşən El Kalafate şəhərinin hava limanına enib. Rusiya vətəndaşlarının olduğu iddia edilən təyyarənin ekipajı yanacaq doldurmağı xahiş etsə də, hava limanında fəaliyyət göstərən neft şirkətləri ABŞ-ın ikinci dərəcəli sanksiyalarından qorxaraq bundan imtina ediblər.
Aprelin 23-də təyyarə Buenos-Ayresə uçub və orada da yanacaq doldurmaqdan imtina edilib. “La Nacion”un məlumatına görə, bundan sonra sərnişinsiz təyyarə Paraqvaya gedib və ekipaj orada yanacaq ehtiyatını artıra bilib. Daha sonra təyyarə Buenos-Ayresə qayıdıb və sərnişinlərlə birlikdə Braziliyaya uçub.
Rusiya təyyarəsinin El Kalafateyə gəlməsi Argentina müxalifətinin diqqətini çəkib. Dəyişiklik üçün birlikdə millət vəkili Hernan Lombardi tvitter hesabında hökumətdən təyyarə və onun ölkədə qalması ilə bağlı hesabat tələb etdiyini bildirib.
E.ŞİRİNOV