Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin əməkdaşları Permdə RT telekanalının baş redaktoru Marqarita Simonyanın adından messencerdə bir neçə kanal vasitəsilə Rusiya hərbçilərinə kömək etmək istəyən şəxslərdən pul mənimsəməkdə şübhəli bilinən üç nəfəri saxlayıblar.
Tezadlar.az xəbər verir ki, bu barədə TASS-a idarənin rəsmi nümayəndəsi İrina Volk bildirib.
Onun sözlərinə görə, məşhur messencerlərdən birində RT kanalının baş redaktoru Marqarita Simonyanın adından bir neçə kanal yaradılıb. Tədricən onların abunəçilərinin sayı 100 mini ötüb: "Əvvəllər müəyyən edilib ki, hücum edənlər xüsusi hərbi əməliyyat (XHƏ) zonasında tapşırıqları yerinə yetirən hərbi qulluqçuların ehtiyacları üçün avadanlıq almaq zərurəti ilə bağlı mesajlar yayıblar. Kömək etmək istəyənlərə könüllülərə məxsus olduğu iddia edilən bank kartlarına pul köçürmələri təklif olunub. Bundan sonra toplanan vəsaitlər oğurlanıb”, - Volk bildirib.
Simonyan polisə müraciət etdikdən sonra kriminal biznesin iştirakçılarının şəxsiyyəti müəyyən edilib, onlar Permdə saxlanılıb.
İstintaqın məlumatına görə, saxlanılan iki şəxs Rusiyanın müxtəlif regionlarından olan kanal abunəçilərindən debet kartlarında pul alıblar. "Köçürmələrin məbləği 20 min rubla çatıb. Vasitəçilər vəsaiti sxemin təşkilatçılarına köçürüb, onun bir hissəsini mükafat olaraq qoyublar. Son bir ay yarım ərzində onların hesablarında dövriyyə 7 milyon rublu ötüb", - Volk əlavə edib.
Faktla bağlı dələduzluq (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 2-ci hissəsi) ilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxslərə xaricə getməmək barədə yazılı iltizam verilib. Polis qanunsuz fəaliyyətin bütün epizodlarını, qurbanların şəxsiyyətini və onlara dəymiş ziyanı müəyyənləşdirir.
Hüquq-mühafizə orqanları bildiriblər ki, cinayətkar fəaliyyət Telegram kanalları vasitəsilə həyata keçirilib.
E.ŞİRİNOV