Rusiyanın Ulyanovsk vilayətində bir kişi Quranı murdarlayıb və din haqqında nalayiq ifadələr səsləndirib.
Vilayətin rəhbəri Aleksey Russkix bildirib ki, həmin şəxs Misir əsillidir.
O, qeyd edib ki, müsəlmanların müqəddəs kitabını təhqir edən video yayıldıqdan sonra polis cinayətkarı taparaq saxlayıb.
Misir əsilli Səid Əbu Mustafanın təxribatçı olduğu üzə çıxıb. Hazırda araşdırma aparılır, bundan sonra prosessual qərar veriləcək.
Qeyd edək ki, hələ bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin Dərbənddə səfərdə olarkən bəyan etmişdi ki, Rusiyada Qurana hörmət edilir və vurğulamışdı ki, müsəlmanların müqəddəs kitabına hörmətsizlik cinayət hesab olunur.
Xatırladaq ki, Rusiya lideri Dərbənddə olarkən ona Məkkədən gətirilmiş Quran da hədiyyə edilib.
Putin çıxışı zamanı Quranı təhqir etməyə icazə verən ölkələrə də mesaj göndərib:
" Biz bilirik ki, başqa ölkələrdə fərqli davranırlar - insanların dini hisslərinə hörmət etmirlər və onlar da deyirlər ki, bu cinayət deyil".
Yəqin ki, polis tərəfindən saxlanılmış Misir əsilli təxribatçıya insanların dini inanclarını, müqəddəs kitablarını təhqir etməyin cəzasını başa salarlar...
Y.MƏMMƏDLİ