Baş prokuror Kamran Əliyev Naxçıvan Muxtar Respublikasında səfərdədir.
Baş Prokurorluğun mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, səfər çərçivəsində Kamran Əliyev Naxçıvan Hərbi Prokurorluğunun əməkdaşları və Müdafiə Nazirliyinin Sədərək rayonunda yerləşən N saylı hərbi hissəsinin hərbi qulluqçuları ilə görüşüb.
Görüşdə Baş prokuror Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın bütün sahələrdə durmadan inkişaf etdiyini, günbəgün daha da qüdrətləndiyini bildirib. Kamran Əliyev bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın Müzəffər sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etdiyini vurğulayıb.
Prokurorluq orqanlarının tərkin hissəsi olan Hərbi Prokurorluğun, o cümlədən Naxçıvan Hərbi Prokurorluğunun əməkdaşlarının qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlər, 44 günlük Vətən müharibəsi dövründə göstərdikləri fədakarlıqlar, həmçinin müharibədən sonrakı dövrdə üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirmələri yüksək qiymətləndirilib.
Vurğulanıb ki, Naxçıvan Hərbi Prokurorluğunda yaradılan şərait, peşəkar və perspektivli kollektiv, onların səmərəli iş fəaliyyəti imkan verəcək ki, qarşıya qoyulan tapşırıqlar bundan sonra da layiqincə icra edilsin.
Hərbi Prokurorluğun əməkdaşları xidmətlərinin daha səmərəli və peşəkar təşkil edilməsi üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirib.
Daha sonra Baş prokuror əsgər və zabitlərlə görüş keçirib.
Kamran Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi Zəfərin əhəmiyyətindən bəhs edib.
Sonra bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim olunub.