Afrika Sülh Təşəbbüsünün müəllifləri hələ də Ukrayna lideri Vladimir Zelenskinin sülh planına marağını görməyiblər.
Tezadlar.az xəbər verir ki, bunu “RİA Novosti”-yə müsahibəsində Komor Adaları İttifaqının prezidenti, Afrika İttifaqının (Aİ) sədri Azali Assoumani deyib.
Bundan əvvəl Rusiya və Ukrayna münaqişənin sülh yolu ilə həllini axtaran Afrika nümayəndə heyətini qəbul etmək barədə razılığa gəliblər. Nümayəndə heyətinə Misir, Komor adaları, Zambiya, Konqo Respublikası, Seneqal, Uqanda və Cənubi Afrikanın nümayəndələri daxil idi. İyunun 16-da missiya üzvləri Ukraynada olub, iyunun 17-də isə Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşüblər.
Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sözlərinə görə, Kiyevdə Afrika sülh missiyası ilə danışıqlar “sərt” olub və nəticədə, Afrika liderləri hətta bəzi məsələlərdə mövqelərini dəyişiblər.
Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən qəbul edilən Afrika liderlərindən ibarət nümayəndə heyətinin tərkibində Komor Adaları İttifaqının prezidenti, Afrika İttifaqının sədri Azali Assoumani də olub.
“O, müzakirəyə başlamazdan əvvəl öz şərtlərini müəyyən etmək istəyir. Bu başa düşüləndir, amma bəlkə də haqlı deyil, çünki biz həll yolu tapmaq üçün müzakirələr aparırıq. Ancaq danışıqlardan əvvəl qərarlarımız varsa, ümumiyyətlə, müzakirə etməyin nə mənası var?” - Assumani qeyd edib.
O, həmçinin vurğulayıb ki, Afrika sülh təşəbbüsünün müəllifləri Ukrayna liderinin sülh yolu ilə nizamlanmaya marağı barədə “hələ inandırıcı sübut əldə etməyiblər”.
“Bununla belə, biz gördük ki, o, yenə də çox səmimi qeyd edib ki, silahın köməyi ilə nəticə əldə etmək olmaz. Bu hələ müzakirə mövzusu deyil”, - deyə prezident bildirib.
Xatırladaq ki, Ukrayna tərəfi Rusiyanın xüsusi hərbi əməliyyatının ilk günlərində başlayan sülh danışıqlarını dayandırıb. 2022-ci ilin oktyabrında isə Ukrayna lideri Vladimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya prezidenti ilə dialoqdan imtinanı nəzərdə tutan qərarını təsdiqləyib.
E.ŞİRİNOV