Belarus prezidenti avqustun 31-də respublikanın milli təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bir sıra məsələlərə baxılması üçün Təhlükəsizlik Şurasının iclasını keçirib.
Bu barədə BELTA xəbər verir.
O, yaranan geosiyasi vəziyyəti dəyərləndirərək vurğulayıb ki, “NATO ölkələri öz genişlənmə siyasətini israrla irəli sürür, Belarus ətrafında hərbi mövcudluğunu artırır, onun sərhədlərində daim təxribat xarakterli təlimlər keçirir”.
Eyni zamanda, Ali Baş Komandan qeyd edib ki, onlar öz hərəkətlərini guya Belarus ərazisindən gələn bəzi təhdidlərlə əsaslandırırlar.
“Polşa və Baltikyanı ölkələrin rəhbərliyi Belarusu heç vaxt mövcud olmayan və ola da bilməyən bəzi mifik aqressiv niyyətlərdə ittiham edir”, - Lukaşenka əlavə edib.
Onun sözlərinə görə, bu dövlətlərin rəhbərliyi “Vaqner” özəl hərbi şirkətinin əməkdaşlarının Belarus Respublikası ərazisində olması ilə bağlı isteriyanı qızışdırır.
Üstəlik, "o yerə gəliblər ki, onlar artıq Belarusdan dərhal çıxmağı tələb edirlər. Eyni zamanda, özləri də hərbi büdcələri artırır, böyük hərbi birləşmələri sərhədlərimizə çəkirlər", - o qeyd edib.
E.ŞİRİNOV