Ukrayna Nazirlər Kabineti yeni səfərbərlik qaydaları haqqında səs-küylü qanun layihəsini Ali Radadan geri götürüb.
Tezadlar.az bildirir ki, bu barədə parlamentin üzvü Yaroslav Jeleznyak məlumat verib.
"Ukrayna Nazirlər Kabineti qanun layihəsinin geri götürülməsinə səs verdi", - deyə o, Telegram kanalında yazıb.
Nazirlər Kabineti hələ ki, sənədin geri götürülməsi barədə rəsmi açıqlama verməyib. Parlamentin saytında qanun layihəsinin statusu ilə bağlı məlumatlar da hələlik yenilənməyib. Bununla belə, Jeleznyak qeyd edib ki, qanun layihəsinin statusu yaxın gələcəkdə “geri götürüləcək”.
“RBC-Ukrayna” agentliyi mənbələrə istinadən həmçinin bildirib ki, Nazirlər Kabineti deputatların təkliflərini nəzərə almaqla, yaxın vaxtlarda Radaya yenidən işlənmiş qanun layihəsi təqdim edəcək.
Bir gün əvvəl prezidentyönlü Xalqın qulluqçusu partiyasının fraksiyasının rəhbəri David Arakhamia hərbçilərlə görüşdən sonra qanun layihəsinin yenidən işlənmək üçün hökumətə qaytarıldığını bildirib.
Yeni səfərbərlik qaydaları haqqında qanun layihəsi Nazirlər Kabineti tərəfindən dekabrın 25-də parlamentə təqdim edilib. Sənəddə Ukrayna hakimiyyətinə hətta III qrup əlilləri də səfərbər etmək, elektron qaydada çağırış vərəqələri göndərmək və hərbi xidmətdən yayınanların, o cümlədən ölkəni tərk edənlərin hüquqlarını məhdudlaşdırmaq təklif edilir. Qanun layihəsi parlamentarilər arasında fikir ayrılığına səbəb olub, Ukrayna prezidenti Vladimir Zelenski və Silahlı Qüvvələrin Ali Baş Komandanı Valeriy Zalujnı səfərbərlik üsullarının gözlənilən sərtləşdirilməsinə görə məsuliyyəti bir-birinin üzərinə atıb.
E.ŞİRİNOV