Qırğızıstanda məktəblərdə şagirdlərə ibtidai sinifdən başlayaraq rus dilində deyil, dövlət dilində dərs verilməlidir, - respublika parlamentinin spikeri Nurlanbek Şakiyev bildirib. Onun sözlərinə görə, qırğız dilində tədrisin mərhələli şəkildə tətbiqi ideyasından imtina etmək lazımdır, çünki bu, heç bir nəticə verməmişdir.
“İbtidai məktəblərdə, uşaq bağçalarında qırğız dili tədris olunmalıdır... Bu, dövlət dilinə necə münasibətdir? Qırğız dilinin mövqeyini gücləndirmək istəyiriksə, ibtidai sinifdən başlamaq lazımdır”, - deyə deputat bildirib.
Qeyd edək ki, Qırğızıstanda dövlət dili ilə bağlı müzakirələr bir il əvvəl qırğız dilinin statusunun yüksəldilməsi ilə bağlı qanun qəbul edildikdən sonra qızışıb. Sənədə əsasən, ölkədə bütün sənədləşmə işləri dövlət dilində, o cümlədən özəl şirkətlərdə aparılmalıdır. Bu o deməkdir ki, siyasətçilər, məmurlar və digər dövlət sektorunda çalışanlar, eləcə də iş adamları qırğız dilində danışmalıdırlar.
Eyni zamanda, Respublika Nazirlər Kabinetinin sədri Akılbek Japarov vurğulayıb ki, Qırğızıstanda rus dilindən güzəştə getmədən ana dili inkişaf etdirmək lazımdır. Onun fikrincə, Rusiya keçmiş SSRİ ölkələrinin dillərinə münasibətdə inklüziv olmalıdır. O xatırladıb ki, rus dili Qırğızıstanda rəsmi dil olaraq qalır və əhali arasında demək olar ki, hamı rus dilində danışır.
E.ŞİRİNOV