İntizar İsmayıl: "Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya atama göstərdikləri diqqət və qayğı üçün ailəmiz adından dərin minnətdarlığımı bildirirəm"

Neçə gündür Türk dünyasının tanınmış şairi, dəyərli ziyalımız, xalq şairi olmasa da, xalqın şairi olan Məmməd İsmayılın səhhəti barədə sosial şəbəkələrdə məlumatlar yayılır. “Təzadlar”ın yaxın dostu olan şairlə və qızı İntizar İsmayılla mütəmadi əlaqə saxlayaraq Məmməd müəllimin vəziyyəti ilə maraqlanırıq. Ona görə də bilirik ki, M.İsmayıl neçə vaxtdır belindəki qrijadan əziyyət çəkir. Təxminən iki ay qardaş Türkiyədə müalicə alan şair hələ ki, tam sağalmayıb. Ağrılar artıq şairin ayaqlarına vurduğundan yeriməsində problem yaranıb.

Təzəlikcə sosial şəbəkələrdə yayılan bir xəbər isə, Məmməd İsmayılsevərləri olduqca sevindirib. Artıq məlum olduğu kimi, ünlü şairin müalicəsinin xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Bu barədə əlavə məlumat almaq üçün M.İsmayılın qızı İntizar xanımla əlaqə saxladıq. İntizar xanım bunları söylədi: ”Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya ailəmiz adından atama göstərdiyi diqqət və qayğı üçün dərin minnətdarlığımı bildirirəm. Fond rəhbərliyinin göstərişi ilə atam “Liv Bona Dea Hospital”da müayinədən keçirildi. Belindəki qrijanın ağrıları ayağına ciddi təsir edib, ona görə də atamın sərbəst yeriməsi çətinləşib. Bu gün mədəniyyət naziri cənab Adil Kərimli atamın vəziyyəti ilə maraqlanmaq üçün evimizə gəlmişdi. Bildirdi ki, atamın müalicəsi üçün nə lazımdırsa ediləcək. Cənab nazirə ailəmiz adından təşəkkür edirəm. Sabah atam dizlərindəki ağrıların bloklanması üçün beş günlük “Liv Bona Dea Hospital”a yerləşdiriləcək. Yaşına görə əməliyyat edilməsi riskli olduğu üçün müalicəyə və ağrıların bloklanmasına üstünlük veriləcək. İnanırıq ki, burada olan bacarıqlı həkimlərin sayəsində atamın ayağındakı problemlər aradan qalxacaq. Atamı dizlərindəki ağrılaradan daha çox narahat edən gəzə bilməməsidir. Evin içərisində müəyyən köməkçi vasitələrlə birtəhər hərəkət edir. Amma evdə darıxır deyə çölə-bayıra çıxmaq, dost-tanışlarla ünsiyyətdə olmaq istəyir. Atamın səhhəti ilə maraqlanan hər kəsə, o cümlədən bütün media əməkdaşlarına təşəkkür edirəm”.

Biz də “Təzadlar” kollektivi olaraq ustad şairimiz Məmməd İsmayılın səhhətinə göstərdikləri qayğı və diqqət üçün Heydər Əliyev Fondunun rəhbərliyinə, mədəniyyət naziri Adil Kərimliyə və “Liv Bona Dea Hospital”ın kollektivinə dərin təşəkkürümüzü bildiririk. Qoy, Məmməd İsmayıl və İntizar xanım bizi bağışlasınlar ki, onlardan icazəsiz, milyonların ürəyindən xəbər verə biləcək bir arzunu dilə gətirmək istəyirik. İstərdik ki, bu il 85 yaşı tamam olacaq şairin belə ağrılı günlərində, mədəniyyət naziri Adil Kərimli ona Xalq Şairi adı verilməsi üçün Prezident cənab İlham Əliyevə müraciət ünvanlasın. Xalq Şairi adı 85 yaşının tamam olması ərəfəsində şairin indiki ağrılarına, inanırıq ki, bir məlhəm olardı.

“Təzadlar” olaraq milyonların sevimli şairi Məmməd İsmayıla tezliklə şəfa tapmasını diləyirik.

Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN