Tanınmamış Dnestryanı bölgənin Ali Şurasının (Parlament) sədr müavini Qalina Antyufeyeva respublikanın Rusiya Federasiyasının tərkibinə daxil edilməsi xahişi ilə Moskvaya guya müraciət hazırlanması barədə xəbərləri şayiə adlandırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Fevralın 28-də Pridnestrovyedə bütün səviyyəli deputatların qurultayı keçiriləcək. Görüşün təşəbbüskarı Dnestryanı bölgənin prezidenti Vadim Krasnoselski olub. Burada müxtəlif səviyyəli şuralardan 650-yə yaxın nümayəndə, həmçinin 1990-cı ildə respublikanın əsasını qoymuş parlamentarilər iştirak edəcək.
Bəzi KİV və sosial şəbəkələr daha əvvəl məlumat vermişdilər ki, görüşdə guya onlar respublikanın tanınması, habelə onun Rusiya Federasiyasına birləşdirilməsi xahişi ilə Moskvaya müraciət etmək istəyirlər.
“Bu şayiələri təxribatçılar yayır. Belə bir müraciət yersiz olardı, çünki hələ 2006-cı ildə ölkəmizdə keçirilən referendumda iştirak edənlərin 97%-i müstəqilliyə səs vermişdi”, - Antyufeyeva bildirib.
Onun sözlərinə görə, bu gün deputatlar təzyiqlərə qarşı mübarizə tədbirlərini müzakirə etmək, həmçinin xarici vasitəçilərin diqqətini Kişinyov və Tiraspol arasında münasibətlərin kəskinləşməsinə yönəltmək niyyətindədirlər. Ali Şura sədrinin müavini ümid edir ki, ATƏT, Rusiya, Ukrayna nümayəndələri, eləcə də Avropa İttifaqı və ABŞ-dan olan müşahidəçilər parlamentarilərin qəbul etdiyi qərarlara cavab verəcəklər.
E.ŞİRİNOV