Yerində deyilmiş dəyərli bir fikir var - mən yaxşıyam deyən insan, yaxşı olmadığını sübut etmiş olur. Bir kəlamda da  deyilir ki, yaxşı insanlar bilinməyən xəzinələrdir. Bəs müdriklərin söylədiklərinə görə yaxşı insan kimə deyilir? Hansı xüsusiyyətlər yaxşı insanlar üçün xasdır? Birmənalı olaraq həmin insanlar mütləq doğru, dürüst, ədalətli, könül qırmayan, şöhrət və ad-san sahibi olsa da, təkəbbürdən, mənəmmənəmlikdən uzaq, imkanlı olsa da, qənaətli, halal çörəyinə qane olan, xeyirxah, səmimi və s. keyfiyyətlərə malik olmalıdır.

Yuxarıdakı fikirlərin aid olduğu insanlardan biri də ömrünün 50 ilə yaxın bir müddətini orta, orta ixtisas və ali məktəblərdə pedaqoji fəaliyyət göstərmiş, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuş, Birinci Qarabağ müharibəsi qazisi Xıdırov Qələndər Əkbər oğludur. İdman mütəxəssisi, adı  “Azərbaycanın idman tarixi”ndə, “İdman Akademiyasının ulduzları” sırasında qızıl hərflərlə yer almış, ağır atletika üzrə SSRİ idman ustası, “Qabaqçıl təhsil işçisi”, sonuncu iş yeri ADPU-nin Ağcabədi filialı olan Qələndər Xıdırov! Vəfatından 8 ay keçən, əzizlərinin, doğmalarının, dost və həmkarlarının həsrətini çəkdikləri, hər gün adını rəhmət duaları ilə yad etdikləri Qələndər müəllim!..

Hələ fevral ayının ortaları idi. Mərzili kənd orta məktəbinin ilk ali təhsilli idman müəllimi, 1993-cü ilədək yetirmələri rayon birinciliklərində dəfələrlə sərbəst güləş üzrə ya fərdi, ya da komanda ilə birincilik qazanmış, 80-ci illərin əvvəllərində “İlin ən yaxşı müəllimi” fəxri adına layiq görülmüş Qələndər Məmmədovun növbəti  zənginə telefonu açdım. 80 yaşlı qocaman müəllimimiz qəhər boğa-boğa dedi: “Yusif, bilirsən ki, adaşım Qələndərin vəfatından bəri dözə bilmirəm, gecələr yata bilmirəm. Onun həsrəti ürəyimi qurd kimi yeyir. Yadıma düşəndə göz yaşlarım da məni ovutmur. Onunla bərabər, gör hansı yetirmələrimi itirmişəm, SSRi idman ustası olan adaşımı, yarışlarda həmişə başımı uca edən Ramiz Hacıyevi, döşək üzərinə çıxanda cəldliyi ilə hamını heyran etməyi bacaran Baxşeyiş Əliyevi. Özün də bilirsən, onların üçünün də məzarları eyni ünvandadır - Ergi qəbiristanlığında. Olarmı hörmətli Qərib müəllimə, yetirməm Ərşad müəllimə, Allahverdi Nəsiboğluna, sabiq güləşçim Fikrət Əliyevə deyəsən, cəmləşib onların məzarlarını kollektiv halda ziyarət edək. Onsuz da, adi vaxtlarda hamı təkbətək ziyarətdə olur...”.

Təbii ki, əziz müəllimimə həm təsəlli verdim, həm də  gedəcəyimiz vaxtı təyin etdik. Beləliklə,  fevralın 24-də Qələndər müəllimin əldə etdiyi tər qərənfil çiçəkləri ilə birlikdə Quzanlıdan Allahverdi Nəsiboğlunun iri tutumlu maşını ilə yola düşdük. Ağcabədinin Hüsülü kəndində Ərşad müəllimlə “Qarmon Talıb”ı da götürdük.  Ergi məzarlığına bizdən əvvəl Qələndər Xıdırovun oğlanlarının - İsmixan və Elvinin gəldiyini bildik. İlk ziyarətimiz Qələndər Xıdırovun məzarından başladı. Dəfn günündə - 2023-cü ilin isti iyununda olduğu kimi, hamı ürək sözlərini dilə gətirdi, xatirələrini danışdı. Yenə ağsaqqalımız Qələndər Məmmədov diqqətimizi Q.Xıdırovun orta məktəbdə oxuduğu illərə, Qərib müəllim onunla həmkar olduğu dövrə, Ərşad Bayramov onunla Mərzilidə keçirdikləri günlərə, Nəsiboğlu onunla köçkünlük dövründə olan təsəlliverici söhbətlərə,  Talıb müəllim isə onun özü üçün necə güvənc yeri olduğunu xatırlatdı (Qələndər Xıdırovun məzarı başında olan çıxışların geniş təfsilatı ilə hörmətli Qələndərsevərlər  onun barəsində üzərində işlədiyim “Səninlə sənsiz” adlı kitabda tanış ola biləcəklər). Sonra hər birinin məzarı üstə tər qərənfillər düzməklə Şura müəllimin, Şahlar müəllimin, Ələmdar müəllimin, Talıb müəllimin, Ramiz Hacıyevin, Baxşeyiş Əliyevin və Aydın Qəhrəmanovun məzarları ziyarət olundu, dualar oxundu...

Ziyarətimiz Ərşad Bayramovla oğlu, Qələndər müəllimin dostu, sirdaşı olmuş  Rövşən müəllimin Qələndər Xıdırovun adına təşkil etdikləri ehsan süfrəsi ətrafında davam etdi. Burada da Qələndər Xıdırovun adına çıxdığımız ziyarət səfərimiz Bahar bayramı ərəfəsində sıralarımızdan ayrılmış dəyərli insanlar üçün daha bir təsəlli oldu.

Bəli, yaxşı insan olmanın dinimizlə bağlı kriteriyalarına görə düşüncəsində, əqidəsində, oturuşunda, duruşunda, seçimində, yaşayışında, dostluğunda, düşmənçiliyində müsbət fərqliliyi  olanlardır. Tərəddüd etmədən bu fikirləri də mərhum dostum Qələndər  Xıdırova aid edə bilərəm. Allah ruhunu şad, məkanını cənnət eləsin!

Yusif Millətoğlu,

şair-publisist, AYB-nin üzvü

qelender-xidirov-1

qelender-xidirov-2

qelender-xidirov

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN