İran prezidenti İbrahim Rəisi İsrailə qarşı kütləvi hücumdan sonra xalqa müraciət edib.
O, bunun özünümüdafiə aktı olduğunu bildirib: “Ölkəmizin silahlı qüvvələrinin qalibiyyətli əməliyyatı sionist rejimin təcavüzkar hərəkətlərinə cavab olaraq planlaşdırılıb və həyata keçirilib”.
Rəisi deyib: “İranın ayrılmaz qanuni özünümüdafiə hüququ çərçivəsində bu müdafiə tədbiri sionist rejimin İran İslam Respublikasının məqsəd və mənafelərinə qarşı təcavüzkar hərəkətlərinə cavab idi”.
O vurğulayıb ki, Təl-Əviv İran İslam Respublikasının Dəməşqdəki səfirliyinə hərbi hücum həyata keçirib və bu, kütləvi insan tələfatına səbəb olub.
Rəisi qeyd edib ki, son altı ayda və xüsusilə də son on gündə İran İslam Respublikası beynəlxalq ictimaiyyətin və BMT-nin diqqətini İsrailin hücumuna cəlb etməyə çalışır.
“Lakin təəssüf ki, Birləşmiş Ştatların və sionist rejimin digər tərəfdarlarının təsiri altında olan BMT Təhlükəsizlik Şurası öz öhdəliklərini yerinə yetirə bilmədi”, - deyə prezident qeyd edib.
Onun sözlərinə görə, SEPAH-ın cəsur döyüşçüləri “İran tarixində yeni səhifə açaraq sionist düşmənə dərs veriblər”.
Prezident vurğulayıb ki, İranın düşmənlərinin hər hansı yeni avantürası “daha sərt cavab” alacaq.
E.ŞİRİNOV