1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları bütün Şərqdə ilk demokratik Respublika üsul-idarəli dövlətin yaranmasını bütün dünyaya elan etdilər. Bu, Respublika parlamentli dövlət idi. Onun dövlət atributları — bayrağı, himni, gerbi qəbul edildi. Üç rəngli bayrağında türkçülük, islamçılıq və müasirlik bir vəhdətdə idi. Ancaq Cümhuriyyət cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və Respublika süquta uğradı.
1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Müstəqilliyin ilk illərində ölkəmiz böyük təhlükələrlə üzləşsə də, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə xilas olaraq, sabit inkişaf yoluna qədəm qoydu. “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” deyən Ümummilli lider Heydər Əliyevin qurub yaratdığı Azərbaycan Respublikası indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir.
Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!
Kəmalə Hüseynzadə