Boliviya hüquq-mühafizə orqanları respublikada dövlət çevrilişinə cəhdin təşkilində iştirak edən azı 10 hərbçini həbs edib.
Tezadlar.az bildirir ki, bu barədə Boliviyanın daxili işlər naziri Karlos del Kastilyo del Karpio məlumat verib.
"Demokratik yolla seçilmiş hökuməti devirmək planında iştirak edən təxminən on hərbçi həbs edilib", - “El Deber” qəzeti onun sözlərindən sitat gətirib.
Bundan əvvəl hakimiyyət orqanları La Pazda hökumət binası qarşısındakı meydana hərbçiləri aparan boliviyalı general Xuan Xose Zuniqanın 15-20 il müddətinə azadlıqdan məhrum edilə biləcəyi barədə məlumat vermişdilər. Generalın daha əvvəl dərc edilmiş həbs orderindən məlum olduğu kimi, Zuniqa və çevriliş cəhdinin digər iştirakçıları terror aktları, habelə ictimai təhlükəsizliyə və dövlət suverenliyinə qarşı silahlı üsyan törətməkdə şübhəli bilinirlər.
Qeyd edək ki, iyunun 25-də ordu komandiri vəzifəsindən uzaqlaşdırılan Zuniqanın başçılıq etdiyi bir qrup Boliviya hərbi zabiti iyunun 26-da La Pazda hökumət binasının qarşısındakı meydanı zəbt ediblər. Boliviya prezidenti Luis Arce hərbçilərin hərəkətlərini dövlət çevrilişinə cəhd adlandırıb və silahlı qüvvələrin yeni rəhbərliyinə and içib. Silahlı Qüvvələrin yeni komandanı Xose Vilson Sançes Velaskes bütün hərbi qulluqçulara öz bölmələrinə qayıtmağı əmr edib, bundan sonra hərbçilər meydanı tərk etməyə başlayıblar. Zuniqa saxlanılıb.
E.ŞİRİNOV