Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı və Sumqayıt Regional Mərkəzinin iştirakı ilə Sumqayıt şəhəri ərazisində yerləşən SOCAR-ın “Azərikimya” İB “Etilen-Polietilen” zavodunun 30 nömrəli neft-kimya məhsullarının qəbulu və buraxılması sahəsində “Neft məhsulları saxlanılan rezervuar parklarında yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirilib.
FHN-in mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd tezalışan məhsulların saxlanıldığı çənlərdə və açıq texnoloji qurğularda hadisə baş verdikdə əraziyə cəlb olunan mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi, həmçinin xilasetmə işlərinin təşkili üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlim zamanı zavodda baş vermiş şərti yanğın yerinə operativ çatan Dövlət Yanğından Mühafizə Xidmətinin mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu isə ərazidən “yaralıların xilas edilməsi” əməliyyatlarını yerinə yetiriblər.
Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin ümumilikdə 12 ədəd texnika və 60 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
R.XUDATQIZI