Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.
Həmin tədbirlərdən biri kimi, Şəkidə sabiq bələdiyyə sədrinin bələdiyyə sədri işlədiyi dövrdə qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Şəki rayon prokurorluğunda araşdırma aparılıb. Nəticədə, sabiq bələdiyyə sədrinə cinayət işi başlanıb.
Şəki rayon prokurorluğundan verilən məlumata görə, Şəki rayonu, İnçə kənd bələdiyyəsində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, İnçə bələdiyyəsinin sabiq sədri Qafqaz Mustafayev öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək bir neçə şəxsə kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrini mülkiyyət və icarələrinə verəcəyinə dair yalan vədlər verib aldadaraq xeyli miqdarda pullarını dələduzluq yolu ələ keçirib.
Bundan başqa, araşdırmalarla torpaq sahəsi ayrılmış 7 nəfər şəxs tərəfindən bələdiyyə büdcəsinə ümumilikdə 2 min 86 manat məbləğində pul ödənilsə də, həmin şəxslərə torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyə iclasında qərar qəbul edilməməsi, eləcə də bələdiyyə büdcəsindən 2 min 158 manat pulun mənimsənilməsi müəyyən edilmişdir.
Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə), 179.2.2, 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar mənimsəmə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.