Nəqliyyat vasitələrinin texniki sazlığının nəzarətdə saxlanılmaması, eləcə də vaxtında texniki qulluq göstərilməməsi son nəticədə ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının baş verməsinə gətirib çıxarır.
Tezadlar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilir.
“Təəssüf ki, azyaşlı qızın həyatını itirməsi ilə nəticələnən növbəti belə hadisə Bakı-Qazax avtomobil yolunda qeydə alınıb. Belə ki, qoşqulu yük avtomobilinin təkərinin partlaması səbəbindən minik avtomobili ilə toqquşma baş verib. Qəza nəticəsində minik avtomobilində olan azyaşlı qız həyatını itirib, onun anası, bacısı və digər qohumu isə xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır yol-nəqliyyat hadisələrinin baş verdiyini nəzərə alaraq, bir daha sürücüləri, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxsləri nəqliyyat vasitələrinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, reysqabağı texniki müayinədən keçməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən avtomobillə yola çıxmaqdan çəkinməyə çağırır”, - deyə müraciətdə qeyd olunur.
R.XUDATQIZI