ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan üzvü Marjorie Taylor Qrin X sosial şəbəkəsində bildirib ki, amerikalıların əksəriyyəti Ukrayna qoşunlarının maliyyələşdirilməsini dəstəkləmir.
Tezadlar.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ vətəndaşları müharibəni qızışdırmaq əvəzinə öz ölkələrinin problemlərini həll etmək və sərhədlərini qorumaq istəyirlər. Qrin vurğulayıb ki, hazırda qəbul edilən qərarlar üçüncü dünya müharibəsinə səbəb ola bilər.
"Mən bütün amerikalıları biganə qalmamağa çağırıram, çünki heç birimiz nüvə müharibəsindən sağ çıxa bilmərik", - deyə konqresmen yazıb.
Sentyabrın 12-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Federasiyasının dərinliklərinə zərbə endirmək icazəsi müzakirə edilərkən, NATO ölkələri Ukrayna münaqişəsində birbaşa iştirak edib-etməyəcəklərinə dair qərar verirlər. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Qərb istehsalı olan müasir yüksək dəqiqlikli uzaqmənzilli sistemlərlə zərbələr endirmək iqtidarında deyil, ona görə də onlar yalnız Avropa İttifaqı və ya ABŞ-ın malik olduğu peyk kəşfiyyatını əldə etməli olacaqlar. Putin Moskvanın yaranan təhdidlərə əsaslanaraq müvafiq qərarlar qəbul edəcəyini vurğulayıb.
Sentyabrın 14-də “Le Monde” qəzeti diplomatik mənbəyə istinadən yazıb: “Fransa rəsmiləri Rusiya prezidentinin Rusiya Federasiyasına qarşı uzaqmənzilli silahlardan istifadə ediləcəyi təqdirdə münaqişənin qaçılmaz gərginləşməsi ilə bağlı xəbərdarlığını nəzərə alıb və üçüncü dünya müharibəsinin başlanmasının qarşısını almağa çalışırlar”.
E.ŞİRİNOV