YAŞIL DÜNYA NAMİNƏ
Günümüzün aktual mövzularından birinə çevrilmiş COP29 nədir? Bu haqda nə bilirik? Bu barədə söz açacağam.
COP 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. COP-da hazırda 198 ölkə təmsil olunur. Hər il növbəti konfransın keçiriləcəyi məkan BMT–nin 5 regional qrupunu (Afrika, Asiya, Latın Amerikası və Karib ölkələri, Mərkəzi və Şərqi Avropa ölkələri, Qərbi Avropa və digər ölkələr) təmsil edən 198 ölkənin səsverməsi ilə seçilir. Sonuncu dəfə COP28 adlandırılan 28-ci konfrans 2023-cü il 30 noyabr-12 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmişdir. 28-cı konfransda dünyanın 195 ölkəsindən təxminən 97 min nəfərdən çox nümayəndə heyəti iştirak etmişdir. Fransa və Avropa İttifaqı çətin danışıqlar zamanı tələbkar və fəal mövqe nümayiş etdirə bildilər, bu da COP28-ə bir neçə əsas irəliləyişləri qeyd etməyə imkan verdi:
- 2050-ci ilə qədər qalıq yanacaqlarından tədricən çıxmaq;
- 2030-cu ilə qədər bərpa olunan enerji istehsalının üç dəfə artırılması;
- Nüvə enerjisinin dekarbonizasiya həlli kimi tanınması;
- Daha həssas ölkələrə yardım.
COP28 konfransında dövlət rəsmiləri, özəl sektoru təmsil edənlər, elm adamları, tədqiqatçılar, ekspertlər, jurnalistlər, və digərləri maraqlı çıxışları ilə iştirak etmişdirlər.
İndi isə növbəti dəfə COP29 adlandırılan konfrans keçiriləcək. Bu il 11-24 noyabr keçirilən konfransda 190-dan çox ölkə və 80-100 min nəfərə qədər nümayəndə gözlənilir. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərin öhdəsindən layiqincə gəlib. Azərbaycanda ən irimiqyaslı beynəlxalq tədbirimiz Avropa Oyunları olmuşdur. Azərbaycan hər zaman mötəbər tədbirlərə ev sahibliyi edib. İndi isə 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilər 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Hər il dünyanın hər yerində hökumət nümayəndələri COP-da toplaşaraq fəsadların aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərmək üçün çağırışlar edir.
Azərbaycan Ermənistana COP29-da iştirak üçün rəsmi dəvət göndərib, bunla bağlı Prezidentin köməkçisi Hikmət Hacıyev məlumat verib. COP29-un prezidenti Muxtar Babayev Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib. Ermənistanın bu dəvəti qəbul edib-etməməyi hələ də bəlli deyil. COP29 konfransı iştirakçısı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək istiqamətində konkret addımlar atmaq üçün bir fürsətdir. Rəsmi məlumata görə, ötən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən COP28 tədbirində iştirak edənlərinin sayı 100 minə yaxın olub. Amma Azərbaycan Prezidenti İlham Əliyev də hökumətin COP29-la bağlı keçirdiyi ilk iclasda deyib ki, Bakı təqribən 70-80 min xarici qonaq qarşılayacaq. Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Biz bilirik ki, Prezident İlham Əliyevin sərəncamı ilə beynəlxalq təcrübə nəzərə alınaraq ölkənin Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ölkədə keçiriləcək COP29 tədbirinin prezidenti təyin edilib. Konfransda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını imzalayan bütün 199 ölkənin nümayəndə heyətləri iştirak edə bilər. İctimaiyyət konfransda şəxsən iştirak edə bilməsə də, mavi zonadakı bir çox tədbirlər, məsələn, qurumların plenar iclasları, dövlət başçıları ilə yüksək səviyyəli seqment, bir çox mətbuat konfransları və başqa tədbirlər ictimaiyyət üçün canlı yayımlanacaq. BMT-nin əlaqəli kanalları və COP TV ictimaiyyət üçün konfransı izləmək və maraqlı müsahibələri, çıxışları dinləmək imkanı verir. Məlum olduğu kimi, ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Niderland, İtaliya, Macarıstan, Avstraliya, Pakistan, Nigeriya, Əlcəzair, Kamerun, Meksika, Hindistandan olan QHT-lər və ictimai fəallar Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayaraq, COP29-un ev sahibi olan Azərbaycana güclü dəstək ifadə ediblər. Respublikamızın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətinin növbəti parlaq qələbəsidir.
İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qeyd edib ki, bu gün Azərbaycan dövləti COP29-un yüksək səviyyədə keçirilməsinə hazırlaşır: "Əlbəttə, bu, kifayət qədər mötəbər bir yarışdır. Azərbaycan çalışır ki, COP29-un keçirilməsi üçün təhlükəsizliyi ən yüksək şəkildə təmin etsin. Cənab Prezidentin də söylədiyi kimi, COP29 qarşıdurma arenası olmayacaq. Azərbaycanın məqsədi ev sahibi kimi körpülər yaratmaqdır.
Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq niyyətindədir. Bu tədbirin miqyası ölkəmizdə əvvəlki beynəlxalq tədbirlərlə müqayisədə olduqca böyükdür. Qonaqların buradan xoş təəssüratla yola salınması üçün böyük hazırlıqlar görülməkdədir. Bütün beynəlxalq tədbirlərdə olduğu kimi, bu tədbirdə də Azərbaycan öz sözünü deyəcək. Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından nümunədir".
C.Məmmədov qeyd edib ki, Azərbaycan uzun illərdir müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu anlamda COP29-a ev sahibliyinin Azərbaycana verilməsi təsadüfi deyil. Çünki Azərbaycanın təcrübəsi, cənab Prezidentin siyasəti ətrafında həyata keçirilən tədbirlər, atılan addımlar ölkəmizə olan inamı daha da artırır. Müxtəlif dövlətlərin ölkəmizlə bağlı bu istiqamətdə mühüm qərarlar qəbul etməsinə də mühüm töhfə verir. Qoşulmama Hərəkatına dörd il ərzində sədrlik etməklə Azərbaycan özünə çoxlu etibarlı dost qazandı: “Azərbaycanın da daxil olduğu Qlobal Cənub ölkələrinə bu gün xüsusi diqqət lazımdır. Biz qarşılıqlı səylər, həmrəylik göstərməliyik. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir. Cənab Prezidentin də söylədiyi kimi, bu, bir siyasətdir və Azərbaycan bunun üçün bir platforma yarada bilər. Düşünürəm ki, bu baxımdan, COP29 ölkəmizin yaşıl enerji strategiyasının dünya ictimaiyyətinə təqdimatı baxımından mühüm rol oynayacaq. Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq. Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqlar".
Qısaca bildirmək istəyirəm ki, bizim əsas hədəfəmiz qlobal istiləşməni 1,5C səviyyəsində saxlamaq öhdəliyinin təmin olunması hər birimizin mənəvi borcudur. Lakin imkanlar tükənir və gələcəyimizi qorumaq üçün artıq bu gün diqqətimizi investisiyaların yatırılması məsələsinə yönəltməliyik. Bizim əsas prioritetimiz qlobal istiləşməni nəzarətdə və temperatur artımını 1,5C-dən aşağı saxlamaq üçün emissiyaların azalması istiqamətində əsaslı, çevik və dayanıqlı fəaliyyət göstərmək, bu təşəbbüs çərçivəsində bütün tərəfləri bir araya gətirməkdir.
Səma TAĞIZADƏ,
Bakı şəhəri 212 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi