Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Yanğından Mühafizə Xidmətləri təsdiq olunan tədbirlər planına uyğun olaraq “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirib.
FHN-in mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, təlimin mövzusu vaqonlar parkında baş vermiş şərti yanğının “söndürülməsi” olub.
Əvvəlcə, şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib. Məlumatdan dərhal sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə “yanğının söndürülməsinə başlanılıb” və FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib.
Sonra nazirliyin müvafiq yanğınsöndürmə qüvvələri şərti yanğın hadisəsi baş verən ünvana gələrək qısa müddətdə “yanğını söndürüblər”.
Sonda təlimin nəticələri müzakirə olunub, nazirliyin əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri döyüş hərəkətləri, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.
R.XUDATQIZI