Pekin "Hizbullah" lideri Həsən Nəsrullahın öldürülməsindən sonra Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən narahatdır.
Tezadlar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Departament aydınlaşdırıb ki, o, mülki şəxslərə zərər vuran istənilən hərəkəti pisləyir.
"Biz regionda gərginliyin artmasından dərin narahatıq. ÇXR Livanın suverenliyini və təhlükəsizliyini pozan istənilən hərəkətə qarşıdır", - bəyanatda deyilir.
Çin münaqişə tərəflərini vəziyyəti soyutmaq və gərginliyin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb. Departament həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, Nəsrullah İsrailin Beyrutun cənub ətraflarında əhalinin sıx məskunlaşdığı bölgəyə endirdiyi hava zərbəsi nəticəsində öldürülüb. İsrail mediasına görə, yaşayış binasının altında ""Hizbullahın yeraltı bazası" var idi. Nəticədə, onun bir neçə həmkarı və bir çox mülki şəxs də həlak olub.
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, "Hizbullah" baş katibinin məhv edilməsi əməliyyatının səbəblərindən biri İsrail sakinlərinin ölkənin şimalına qayıtmasıdır. Onun sözlərinə görə, siyasətçinin vəzifəsindən uzaqlaşdırılması girov məsələsinə təsir edəcək.
"ABC News" qeyd edib ki, İsrail son anda ABŞ-a Livan "Hizbullah" hərəkatının baş katibinin yerləşdiyi yerə zərbə endirmək niyyəti barədə xəbərdarlıq edib. Bu, Pentaqonun rəhbəri Lloyd Ostini cavab zərbəsi riskinə görə qəzəbləndirib.
E.ŞİRİNOV