Son 24 saat ərzində 120-dən çox fələstinli və livanlı İsrail qüvvələrinin Qəzza zolağının müxtəlif bölgələri və Livanın cənubunu atəşə tutması və bombardman etməsinin qurbanı olub.
Tezadlar.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 55 nəfər ölüb, 192 nəfər yaralanıb. İsrailin Livana endirdiyi zərbələr zamanı 71 nəfər ölüb, 169 nəfər yaralanıb.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən bəri İsrailin Qəzzaya hücumları nəticəsində 43 314 nəfər ölüb, 102 019 nəfər yaralanıb. Əl-Cəzirə xəbər verir ki, Livanda, Livan Səhiyyə Nazirliyinin son məlumatlarına görə, 2968 nəfər həlak olub.
Qeyd edək ki, Fələstinin HƏMAS radikal hərəkatının silahlı tərəfdarlarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb. Qəzza zolağında döyüşlər bu günə qədər davam edir.
E.ŞİRİNOV