Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi Moskvada avtomobili partlatmaqda təqsirləndirilən Yevgeni Serebryakovun* həbs müddətinin növbəti dəfə uzadılmasına qərar verib.
Tezadlar.az xəbər verir ki, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin rəsmi portalında deyilir.
Açıqlanan məlumata görə, həbs müddətinin uzadılması ilə bağlı vəsatət məhkəməyə oktyabrın 17-də daxil olub və oktyabrın 21-də baxılaraq təmin edilib. Serebryakovun həbs müddətinin uzadılması haqqında qərar oktyabrın 25-də qüvvəyə minib.
Məhkəmələr portalındakı açıq məlumat həbsin nə qədər müddətə uzadıldığını dəqiq göstərmir, lakin Rusiya Federasiyasının qanunvericiliyinə görə, uzadılma iki aydan çox olmamalıdır.
Qeyd edək ki, sentyabr ayında Serebryakovun* həbs müddəti artıq bir ay uzadılmışdı. O, oktyabrın 24-dək həbsdə qalmalı idi.
Xatırladaq ki, iyulun 24-də səhər saatlarında Moskvanın Sinyavinskaya küçəsində “Toyota Land Cruiser” avtomobili partlayıb. Hadisə nəticəsində iki nəfər - kişi və qadın xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Əldə edilən məlumata görə, yaralı hərbçi, qadın isə onun həyat yoldaşıdır.
İstintaq Komitəsi iş açıb. Məlum olub ki, cinayəti törədən təcavüzkar Türkiyəyə qaça bilib. İyulun 24-ü axşam saatlarında Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlamağa nail olublar. Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya bildirib ki, bu, Yevgeni Serebryakov* adlı Rusiya Federasiyası vətəndaşıdır.
Moskvanın Zamoskvoretski Məhkəməsi şübhəlinin qiyabi həbsi barədə qərar çıxarıb. İyulun 26-da Serebryakov Türkiyədən Rusiyaya ekstradisiya edilib.
O, günahını etiraf edib. Serebryakov Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə hərəkət etdiyini etiraf edib.
* – Serebryakov terrorçular və ekstremistlər siyahısına daxildir.
E.ŞİRİNOV