...Yəqin ki, son vaxtlar bazarların girişində peyda olan xüsusi geyimli mühafizəçilərdən hamının xəbəri var. Bunlar kimdir, onlar kimi-kimdən qoruyurlar - məlum deyil. Bazarların girişində nə üçün dayandıqlarını soruşanda isə adama elə tərs-tərs baxırlar ki, sanki düşmənlərini görürlər...

Daxil olmuş oxucu sorğusu ilə bağlı şikayətlənən ünvana yollandıq. Söhbət Bakıda Bakı Dəmiryolu vağzalının Keşlə stansiyasının qarşısındakı “Keşlə bazarı”ndan gedirdi. Elz biz də bu mənzərə ilə qarşılaşdıq. Bazarın giriş qapısında dayanan,əlindəki dəftər-qələm ilə bazara gətirilən hər şeyi bir-bir qeydə alan, rayonlardan daşınan kənd təsərrüfatı məhsulları maşınlardan boşaldıqca onları sayan həmin mühafizəçilərin birindən apardığı qeydiyyatın səbəbini öyrənmək istədim. Dedi ki, kimin bazara nə qədər məhsul gətirdiyinin uçotunu aparırıq. Malların sayına görə də onlardan pul yığılır. Fəaliyyətimizdən bazarın müdiri Emin müəllimin də xəbəri var.”Keşlə bazarı”nın da “Yaşıl bazar” kimi Bakının sabiq meri Hacıbala Abutalıbova aid olduğu söylənilir. Həqiqətən də bu bazarlara müdirləri bir vaxtlar H.Abutalıbov özü təyin edirdi. Adamlar elə indinin özündə də bu bazarların H.Abutalıbova məxsus olduğunu deyirlər.

Bir zamanlar bu bazarın sökülüb yerində yolun genişləndirilməsi kimi işlərin görüləcəyi haqqında söz-söhbət gəzirdi. Həsən Əliyev küçəsinin “Koroğlu” metrostansiyasına qədər buradan keçməklə uzanacağı nəzərdə tutulmuşdu. Hətta Nərimanov rayon İcra Hakimiyyəti də bu barədə məlumat yaymışdı. Amma birdən-birə bu xəbər qapandı. Səbəbi də bu oldu ki, Hacıbala müəllim ona məxsus olan bu bazarın sökülməsini istəmir. Görünür, özünə məxsus olan bu gəlirli obyekti itirmək istəməyib.

Satıcılar bazarda indi yerə görə yox, məhsulunun həcminə görə pul verməlidir...

 ...Bazar çox geniş bir sahəni tutur. Burda iki balıq satışı yeri var. Birində balıqların topdansatışı aparılır. Başqa bazarlarda satılmaq üçün də balıqlar burdan alınıb aparılır. Ət satılan digər sahə də uzun bir sıranı təşkil edir. Bazara gətirilən heyvanlar elə burda kəsilib satışa hazırlanır. Quş əti satılan  yerlərdən biri əsas bazarda,digəri isə “yarmarka”nın ərazisindədir. Bir sözlə, Keşlə bazarı böyüklüyünə və məhsul bolluğuna görə 8-ci km bazarından sonra, bəlkə də, ikincidir.

Bazarda geniş çeşiddə kənd təsərrüfatı məhsulları da satılır. Məhsullar,əsasən, kəndlərdən birbaşa bazara daşınır. ”Yarmarka” adlanan ərazidə həftənin üçüncü və altıncı günləri Sabirabad, Hacıqabul, Dəvəçi, Xaçmaz, Salyan, Tovuz və digər rayonlardan gətirilən məhsullar satılır. Mallarını satmaq üçün buraya gələnlər bazar rəhbərliyinin etinasızlığı ucbatından üstü örtülməyən “yarmarka”da açıq səma altında dayanmağa məcbur olurlar. Məhsulları satışa qoymaq üçün, heç olmasa, taxta rəflər belə qoyulmayıb. Meyvə-tərəvəzi torpağın-asfaltın üzərinə, ya da ki özləri ilə gətirdikləri köhnə və çirkli çadırların üzərinə toplayıb satırlar. İllərdən bəri burda alver edənlər, yəni, bazara gələnlər heç vaxt mühafizəçi deyilən bir qurumla rastlaşmayıblar. İndi birdən-birə bazarın dörd bir tərəfinin mühafizəçilərlə əhatə olunması adamları çaşdırıb. İlk günlər bu mühafizəçilərin qurduğu postun,mühafizəçi köşkünün səbəbini anlamaq mümkün olmasa da, tezliklə onların kimliyi məlum olub. Məlum olub ki, əvvəllər satıcılardan malın həcminə görə yox, ayrılan yerə görə haqq yığılırdısa, indi malın çəkisinə və çeşidinə görə də pul ödəmək lazımdır. Axı, bu qədər mühafizəçini saxlamaq üçün də böyük miqdarda maliyyə lazımdır. Min-bir zəhmət bahasına yetişdirdiyi məhsulun satışından kimlərinsə qazanc umması, istər-istəməz bazara məhsul gətirənləri narahat edir. Bazar rəhbərinin təmənnası satılan məhsulların bahalaşmasına, eyni zamanda,bahalığa görə alıcıların da azalmasına səbəb olub. Bir çoxları isə mühafizəçilərdən yaxalarını qurtarmaq üçün gətirdikləri məhsulları satmaqdan ötrü Bakının qəsəbə və məhəllələrinə üz tuturlar. Söhbət etdiyimiz narazı satıcılar belə dedilər... Necə deyərlər,bazarın əvvəlki dadı, tamı itib...

Bəs mühafizəçilər, yaxud hər mal satana göz qoyanlar niyə bazarı əhatəyə almış zibilxananı görmürlər?

Nə isə. Ətrafdakı zibil topalarını təmizləməyə, bazarda səliqə-sahman yaratmağa maraq göstərməyən rəhbərliyin fəaliyyətini tam yazıya almaq fikrində olmadıq. Məqsədimiz bazardan yazmaq da deyildi. Sadəcə, bazara məhsul gətirənlərin qulağımıza çatan haqlı narazılıqlarını aidiyyəti qurumların diqqətinə çatdırmaq istədik. Bazardakı durum isə yeni tikililərdə MTK sahibkarlarının sakinləri soymaq üçün özlərindən uydurduqları bəzi xidmət növlərini yadımıza saldı. Adamların cibinə girmək üçün belə gərəksiz qazanc formaları fikirləşənlər, görəsən, nə etdiklərinin fərqindədirlərmi?

Ədalət Teymurov,

“Təzadlar”ın xüsusi müxbiri

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN