Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 27-də Portuqaliyanın Kaşkay şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumu çərçivəsində Dini Abidələrin Qorunması üzrə Qlobal Konfransda çıxış edib.
Tezadlar.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi töhfələrdən söhbət açaraq, ölkəmizin BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən həyata keçirilən bir çox mötəbər tədbirlərə evsahibliyi etdiyini xatırladıb. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “Dünya Dinləri Yaşıl Planet naminə” mövzusunda təşkil edilmiş Dini Liderlərin Qlobal Sammitindən bəhs edən R. Məmmədov vurğulayıb ki, keçirilən tədbir vasitəsilə dünyanın üzləşdiyi ekoloji problemlərin aradan qaldırılmasında müxtəlif konfessiyaların zəngin mənəvi potensialı, nüfuzlu dini liderlərin qlobal məsələlərin həllində mühüm rol oynamaq imkanları dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.
R.Məmmədov bütün dinlərin və etnik qrupların nümayəndələrinin bir ailə kimi mehriban, dinc şəraitdə yaşadıqları ölkəmizdəki 2000-dən çox məscidin, 16 kilsə, 7 sinaqoqun və digər dini ibadət yerlərinin Azərbaycanın zəngin irsinin tərkib hissəsi olduğunu deyib. Bildirib ki, Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərimizdə Azərbaycan mədəni irsinin ayrılmaz hissəsi olan qədim Alban abidələrinin tarixinin təmir-bərpa adı altında saxtalaşdırılması, 67 məsciddən 65-nin tamamilə, 2-nin qismən məhv edilərək yararsız hala salınması, 200 qəbiristanlığın darmadağın edilməsi və bu kimi digər əməlləri törətməklə mədəni dəyərlərin qorunmasına aid bir sıra beynəlxalq konvensiyanın tələblərini kobud şəkildə pozub.
Komitə sədri deyib ki, çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, o cümlədən dini ibadət yerləri və maddi-mədəniyyət abidələrinin bərpası, mühafizəsi daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev dini icmalara və onların rəhbərlərinə ardıcıl olaraq maddi və mənəvi dəstək göstərərək, eləcə də işğaldan azad edilmiş ərazilərdə məscid və kilsələrin bərpasına nail olmaqla Azərbaycanın dövlət-din münasibətlərində nümunəvi təcrübəsini nümayiş etdirir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən dinlərarası dialoq və əməkdaşlığın gücləndirilməsi sahəsində çoxsaylı layihələr həyata keçirilir, “Tolerantlığın ünvanı-Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscid, kilsə və sinaqoqlar təmir və bərpa edilir.
Ramin Məmmədov ölkəmizin ümumbəşəri maraqlara uyğun olaraq qlobal problemlərin həllinə töhfə verməyə hazır olduğunu vurğulayıb.
R.XUDATQIZI