Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Tezadlar.az xəbər verir ki, iclası giriş sözü ilə açan İctimai Şuranın sədri Nazim Səfərov qarşıda duran cari məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida subyektlərinin qida təhlükəsizliyi qeydiyyatı və təsdiqi barədə qaydalar, bu sahədə həyata keçirilən tədbirlər, həmçinin cavabdeh qida subyektinin əməl etməsi vacib məsələlər nəzərdən keçirilib. Şura üzvləri müzakirələr zamanı sahibkarlıq subyektlərinə çağırış edərək bu sahədə fəaliyyətin qanunun tələblərinə uyğun qurulmasının önəmini vurğulayıblar.   

Tədbirdə AQTA rəsmisi Elxan Mikayılov çıxış edərək diqqətə çatdırıb ki, qida təhlükəsizliyi qeydiyyatına və təsdiqinə dair müraciətlərin qəbulu prosesi tam elektronlaşdırılıb. Bildirilib ki, qanunvericiliyə əsasən, yüksək risk qrupuna aid edilən heyvan mənşəli məhsulların, o cümlədən alkoqollu içkilərin istehsalı, emalı və dövriyyəsi aparılan müəssisələrin qiymətləndirilməsi üçün sahibkarlar Agentliyə müraciət etməlidirlər.

Görüş zamanı sahibkarlar arasında qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi, İctimai Şura tərəfindən bir sıra mövzularda maarifləndirmə işlərinə dəstəyin göstərilməsi və ictimaiyyətə zəruri tövsiyələrin verilməsinin vacibliyi diqqətə çatdırılıb.

Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN