Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, Bakıda məktəblərin birinə "patı" gətiriblər.
Yazılanlara görə, hadisə Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində (Razində) qeydə alınıb. Bildirilir ki, gətirilən psixotrop maddə aşağı sinif şagirdlərinə zorla verilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, deyilənlər araşdırılıb və məsələ təsdiqini tapmayıb: "Bəzi sosial şəbəkə seqmentlərində yayılmış məlumatlarda deyilənlərə görə, Bakıxanov qəsəbəsində məktəblərdən birinə psixotrop maddə - metamfetamin (patı) gətirilməsi ilə bağlı yayılan iddialar əsassızdır. Bu istiqamətdə keçirilən tədbirlərlə yayılan iddialar təsdiqlənmir.
Sosial şəbəkə istifadəçilərinə tövsiyə edirik ki, belə əsassız, həqiqətə uyğun olmayan faktsız, iddialara inanmasınlar. Ölkə ərazisində hüquq-mühafizə orqanları tərəfindən bütün neqativ hallara qarşı mübarizə aparılır. Əgər kimdəsə belə əsaslı fakt varsa, həmin faktla Daxili işlər orqanlarına müraciət edilməlidir. Bu həm də vətəndaş məsuliyyəti və vətəndaş vəzifəsidir".
E.ŞİRİNOV