Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs edildikdən bir müddət sonra ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əfqan Hacıyevin sədrliyi, Amil Ağalının katibliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Vüqar Babayev müdafiə çıxışı edib. Vəkil təqsirləndirilən şəxsin cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini əmlakları üzərinə qoyulmuş həbsin götürülməsini istəyib.

V.Babayev bildirib ki, üzərinə həbs qoyulmuş əmlaklardan yalnız "Azərİlmə" və onun ətrafındakı qeyri-yaşayış sahəsi və Həsən Əliyev küçəsindəki ev ona aiddir. Digər əmlakların bir hissəsi vəzifəni icra etməzdən əvvəlki dövrə, digər hissəsi isə oğlu Aydın Muradova aiddir.

Prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Vidadi Muradov ittihamlarda təqsirli bilinib. Təqsirləndirlilən şəxs məhkəmə istintaqı zamanı vəfat etdiyi üçün ona cəza təyin edilməyərək, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Hökmdə qeyd olunub ki, cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən qaldırılmış 640 min 922 manat məbləğində mülki iddia təmin edilməli, həmin məbləğ dövlət büdcəsinə köçürülməlidir.

Xatırladaq ki, qanuna görə, cinayət törətməkdə təqsirləndirilən şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri sayılır.

Qanun əsasən, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə məhkəmədə iştirak edir. Məhkəmə vəfat edən şəxsin təqsirini sübuta yetirsə, ona cəza təyin olunur, lakin təqsirləndirilən şəxsin ölümü ilə bağlı cinayət işinə xitam verilir. Məhkəmədə təqsirləndirilən şəxsin cinayət əməli sübut olunmasa, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul olunur.

İttihama görə, Muradov Vidadi Aydın oğlu Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub.

V. Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

Onkoloji xəstəliyi ilə əlaqədar təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən humanist qərar qəbul edilib və barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək müalicəsinə şərait yaradılıb.

V.Muradov ötən ilin noyabrın 5-də vəfat edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN