(Yazıçı Hüseynbala Mirələmovun  “Gecə bənövşələri” kitabındakı əsərləri üzərində düşüncələrim)

...Böyük türk sərkərdəsi Mustafa Kamal Atatürk yazırdı ki, “İnsanın sərvəti öz şəxsiyyəti olmalıdır”. Şəxsiyyət olmaq üçün isə millətini, xalqını sevmək, mənsub olduğu  cəmiyyəti düşünmək və onun yolunda canını qurban verməyi bacarmaq  lazımdır. Yazıçılar və qəhrəmanlar bu qəbildəndir. Biri qələmi ilə, o biri silahı ilə…

Həyatın nəbzini tuta bilən  yazıçı özünü oxucu qarşısına çıxarana qədər həyati gerçəkliyin reallığında özünü güzgüləyir və sonra onun qanunlarına tabe olmadan tale dediyimiz oyunun  əsirinə çevrilir. Və yalnız bundan sonra nədən yazıdığını düşünür. Düşündükcə isə baş verəcək hadisələrin niyə və nə üçün yaranmasının fəqinə varmır. Düşünür ki, həyat yalnız ölüm-dirim mübarizəsi və bir də yaşamaq həvəsidir.  Bu mənada həyatın yalan üzərində qurulan,  boşluqdan və sonsuzluqdan başqa həqiqi məna kəsb edə bilməyən məzhəkə, gülünc, acı və haqsız qələbələrin sonluğunda əsl səhnə olması aydın görünür. Bu səhnəyə tamaşa edənlər isə onu yaza bilən və yaradan yazıçılar, bir də rəssamlardı. Yazıçı bütün hallarda müşahidəçi, izləyici, mühafizəçi olmaqla, xalqı qaranlıqdan işıqlığa aparan yol kimidir. O yol ki, orda xalqın gözü var, ürəyi var.

Hər bir insan öz yaddaşının məhsuludur.  Xalqın maddiləşmiş yaddaşı isə onun ədəbiyyatıdır.  Məhz ədəbiyyatı xalq yox, ədəbiyyat xalqı yaradır. Bu gün ədəbiyyatımızın yaratdığı görkəmli nümayəndələrinin sırasında  əsərlərini sevə-sevə oxuduğumuz  Hüseynbala Mirələmov da var. O, həm düşünən, həm də düşündürən  yazıçıdır.

Dövrü mətbuatda  çap olunan əsərlərini hər zaman oxuyurdum. Yaradıcılığına tam bələd olmuşdum. Nədən, nəyi və niyə  yazacağını yaxşı düşünürdü. Əsl yazıçı isə düşündüyünü yazmalıdır. Sənətinə hörmətlə yanaşan yazıçı hadisələri gördüyü və düşünüdüyü kimi qələmə almış, öz subyektiv hisslərini bir kənara ataraq, həqiqi olanları oxucu qarşısına çıxara bilmişdir. İlk öncə mənə xoş təsir edən məhz bu oldu. Həqiqətin gerçək üzü.  Yalan kitablara yol tapa bilər, amma heç vaxt ədəbiyyat ola bilməz.  Yalan ədəbiyyat özünü yaxşı tanıda və sevdirə bilər, amma heç vaxt böyük ədəbiyyat ola bilməz. Məhz XX əsr ədəbiyyatımızın gözəlliyi və əzəlliyi də elə bundan ibarət idi. Bu gün o ənənəni davam etdirən yazıçılarımız əfsular olsun ki, barmaq sayı qədərdi. Zaman və məkan baxışı yazıçı qələmini sapdıra bilər,  haqqın və həqiqətin astarını həqiqi gercəkliyə çevirib onu xalqın, millətin baxışında güzgüləmək  isə  yazıçının can atmalı olduğu ideala yaxındır.

Hüseynbala Mirələmov yuxarıda dediklərim kimi və bəlkə də ondan artıqdır. O, bu günümüzün deyil, dünənin və gələcəyin yollarına tək  yazıçı kimi  yox, həm də əsl vətəndaş və müdrik, filosof  insan kimi baxmağı bacarır. İnsanı kamilliyə aparan yol, onun cəsarəti, əxlaqı və ağıllı olmasıdır. Hüseynbala  Mirələmovu oxuduqca mən bunları aşıladım. Əsərləri mənə bu yolun başlanğıcını və sonunu göstərdi. Onun dahiliyi bir də ondadır ki, bütün hallarda ürəyi hamı üçün döyünür, hamı üçün narahatdır. Yazıçını oxucuya sevdirən əsas şərtlərdən biri də  məhz  budur. Əsərlərində  bir neçə taleyi üz-üzə qoyaraq, insan və həyat anlamını, onun qatlarını dərk etmə qabiliyyətini və dərin düşüncə tərzini  bir məktəb kimi öyrənmək məsuliyyətini yazıçı sənətkarlığı ilə işləmişdir. Böyük ədib  Maksim Qorki yazıçı haqqında belə çox maraqlı fikir deyib:  “Qələmi əlimə almazdan öncə özümə üç sual verirəm: mən nəyi yazmaq istəyirəm, necə yazmaq istəyirəm və nə üçün yazmaq  istəyirəm”.    Çox sevindirici haldır ki, Hüseynbala Mirələmov da bədii yazılarında  bu fikiri özünə ali məqsəd kimi götürür.

 “Gecə bənövşələri” povest və hekayələrdən  ibarət kitabı  müasir ədəbi dünyamızın keşməkeşli yollarına bir çıraqdır desəm yanılmaram. Onun işığında   üzü sabaha doğru yol getmək olar. Çünki ordakı məzmun, aktuallıq, ictimai baxış o qədər iti, o qədər uzaqdı ki, həyatı bütöv anlamda  burda görməmək mümkün deyil. Müasirlik keçmişin kölgəsinə sığınıb, gələcək  isə müasirliyin ayaqları altında inildəyir. Bu nədir?!  İnsanlığımız, milliliyimiz, hörmət və məhəbbətimiz,  nəhayət  şüur  və düşüncəmizin ogey hisslərmizin mizanında özünə yer tapmasıdır. Yazıçı bütün əsərlərində bunları qabartmağa çalışır. Və həqiqi mənada vicdani tələbkarlığı ilə həqiqi olanı  tam mənada ortaya qoya  bilir.

Haqqın və həqiqətin üzünə açılan qapıları öz əlimizlə, bəzən isə  pislik və nankorluğumuzla bağlayıb, onun bəlkə də bizə aid olmayan qapılarına tərəf gözümüzü yumaraq gedirik. Bu gediş bizi həyatın əzabllarlı ilə üz-üzə qoyur. Mənəvi dünyamızı kor-koranə baxışımızla zəhərləyib, onu tale oyunlarının qurbanına çevirir. Bunları kim edir, biz insanlar. Bir insanın mənəvi korluğu, küt baxışı digərlərini həyatın girdabına sürükləyir və onu ölüm adlı uçurumun cənginə atır. Yazıçının bütün əsərlərində qayə yalnız bundan ibarətdir.

Milli mənəvi baxışın, insani dəyərlərin alilik dərəcəsi yüksək olan bu əsərlər bu gümüzün  mənəviyyat dərsi, sabahımızın görən gözüdür.

q

 “Taledən qaçmaq olmur” əsəri bu baxımdan kökünü  keçmişin kədərli həyat hekayəsindən götürməklə, bu gün də davamlı olan həmin hadisənin gələcəkdə təkrarlanmasının  labüdlüyünü inkar etmir. Bakı milyonçusunun qızına toy hədiyyəsi kimi bağışladığı binada baş verən  hadisələr və oxşar qarışıq  talelər bir-birini əvəz edir. Yazıçının  burda əsas məqsədi bir binanın onun sakinlərinə düşər-düşməzliyi , yəni mifoloji  baxımdan qara qüvvələrin insan  həyatına zərbəsi kimi deyil,  tale yüklü məsələlərin insan həyatında oynadığı rol və ictimai-siyasi baxışlardan söhbət gedir. Bu, əsrlər boyu nəinki gənc milyonçu   qızının, hətta milyonlarla gəncin nakam həyatına son qoymuşdur. Müharibə, qaçqınlıq, iddialı və maraqlı tərəflərin bu oyunda  udub-uduzmaq məsələsi hər zaman olduğu kimi indi də var və olacaqdır. Sonu bilinməyən bu təzadlı həyat kimlərinsə bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmaq və onu gələcək nəsillərin psixolji durumunda özünü kökləmək kimi məqsədlərə qulluq etməkdir. Yazıçı iki müasir gənc qızı Fidanla Natəvanı düşüncələrinə və həyata baxışına  görə üz-üzə qoyur. Natəvan kasıbçılıqdan doymuş , vara-dövlətə can atan və nəhayət rahat və dəbdəbəli həyat eşqi ilə yaşamağa üstünlük verən qızdı. Agılsız olduğu qədər də yüngül və savadsız bu qızı düşündürən yalnız şan-şöhrət və əyləncədir. Onun üçün sevgi, məhəbbət, dostluq boş bir şeydir.  Hərdən keçmiş,  kiraydə yaşadığı kasıb  həyatını yada salaraq  sanki heyf çıxırmış kimi bu gunkü həyatından aldığı zövqü ilə öyünür.  Xarici ingilis oğlanla ailə quraraq  “xoşbəxt”  həyatına nail olur. O, ingilisin var dövlətinə susayır  və  ona xoşbəxtlik gətirdiyini düşünür. Lakin bu dəbdəbəli həyat tərzi heç də ona ömürlük şans verə  bilmir. Çünki onun məramı dərin köklərə bağlı deyil. Bir ingilis vətəndaşısının onun vətəninin sərvətindən  qazandığı qazancı onu xoşbəxt edə bilməsi Natəvanın əqidəsində cilalanmalı və ələnməli idi. Buna isə Natəvan kimi qızlarımızın nə  düşüncəsinin, nə də əqlinin gücü çatmır. Natəvanın müvəqqəti sevgi məcarası onun boş xəyallarının başlanğıcı və sonu olur.

Fidan isə olduğqca ağıllı və düşüncəli qızdı. O, rəfiqəsinin səhvlərinə qarşı iradını hər dəfə bildirir və doğru olmadığını deyir.  Həyat belə ağıllı qızlar üçün də önəmli deyil. Onu çox sınaqlara çəkir. Atasının və anasının sözüylə tanımadğı bir oğlanla ailə qurur. Dələduz Əfqan onun həyatını alt-üst edir. Aldadıldığını görən Fidan özünə yol axtarır. Çox qəribədir ki, son zamanlar cəmiyyəti bürüyən dələduzluzluq çoxlarının taleyinə qara  pərdə çəkib. Çoxlu qızlarımız bu  yolla bədbəxt olurlar.

Ata mülkünün qəribə taleyi həmişə Fidanı düşündürür. Bu evdən köçən qızlara nəsib olmayan xoşbəxtlik onu  da haqlıyır. Bu hisslərin Fidanı rahat buraxmamasına səbəb hər  an zamanın girdabına tuş  gəlməyimiz, qorxu içində narahat həyat tərtzimiz, nadan insanların zamanın zəhərli axınında çirklənməsi və baqşqalarını da bu çirkaba batırmasıdır.

***

 Həyat onu dönə-dönə sınağa çəkir. İkinci dəfə hisslərinin qurbanı olan Fidan narkoman Röyala inanır. Ona əlindən gələn yaxşılığı edir, lakin onu bu yoldan çəkindirə bilmir. Sıxıntılar içində başı daşdan-daşa dəyən Fidan bu olanları atasından gizlədir və onun salamat olması üçün tale oyunlarına dözür. Məhz dözüm, etibar, inam və bir də ağıllı olması Fidanı düşdüyü əzabdan  qurtarır. Bütün iztirablara baxmayaraq  heç zaman rəfiqəsinə həsəd aparmayan, özünün qürur və ağılı ilə fəxr edən Fidan həyat mükafatını sonda alır. Gec də olsa ciddi, ağıllı Mehman kimi bir kişi onun qarşısına çıxır. Taleyi üzünə gülən qız həyatın keşməkeşlərində öz iradəsini sındırmadı, əxlaqını qorumağa çalışdı. Bu əsər qızlarımıza bir mənəvi tərbiyədi, onlara bir mesajdı desəm, daha düz olar. Bax, belə əsərlər çox yazılsa, bəlkə gənclərimizin tərbiyəsi düzələr, ağıl və düşüncələri təmizənər. Və bu qədər boşanmalar olmaz...

Hüseynbala  Mirələmovun əsərləri onu  deməyə sövq edir ki, həyatımızın gözəl olması üçün əxlaqımız və düşüncəmiz gözəl olmalıdır. Əslində həyat həqiqətlərini olduğu kimi qəbul etmədikdə yaşamaq  da çətinləşir. Həyatı dözülməsi mümkün olmayan bir hala salmamaq üçün səbrli və itaətkar olmaq lazımdır. Bəli, tale ağlımıza gəlməyən bir sözdən, bir baxışdan, və ya bir hadisədən asılı ola bilər. Yetər ki, onu sağlam düşüncənin süzgəcində ələməyi bacarasan. Bax, budur Hüseynbala  Mirələmovun əsərindəki reallıq, haqq-ədalət tarazlığı.

Yazıçının “Tənha lalə” əsərində müxtəlif taleli qadınların başına gələn məcaralar gah obrazın diliylə, gah da yazıçı diliylə  verilir.  Gənc həkim Xatirənin sevgi hissləri onun qəlbinə hakim kəsildiyi bir zamanda anası onu başa düşmür. Özünə həmdəm, dərdinə sirdaş kimi işlədiyi klinikada baş həkimi Əsmət Sultanlıya ürəyini açması və onun qəribə taleyindən xəbər tutması oxucu üçün o qədər qəribəlik kəsb edir ki, inana bilmirsən ki, bu  olan reallıqdı, ya təxəyyül. Ancaq yazıçının yuxarılarda dediyim kimi fantaziyadan qaçan və olan həqiqətə  söykənən reallığı bütün yaradıcılığında qarşımıza çıxır.

Xatirənin  qəlbinə hakim kəsilən sevdiyi  oğlanın birdən-birə yoxa çıxması və sonradan onun şərlənərək tutulması haqda xəbər  ağrılı həyat  səhnəsidir. Belə dözülməz halların şahidi çox olmuşuq. Gənc Xəzərin hüqüqlarının hüquq  orqanları tərəfindən tapdanması və ona qarşı haqsızlıq keçmişimizdən bizə qalan miras kimi hələ də cövlan edir və belə kədərli həyat nə qədər anaların, bacıların və Xatirə kimi sevgililərin gözünü yaşlı qoyub. Xəzərin  şərlənməsi və öz haqqını sübut edə bilməməsi sonda haqqın qələbəsiylə  bitir. Onun kimlər tərəfindən cibinə qoyulan  narkotik və saxta dollar haqlı olaraq sübuta yetirilir. Xəzərin hüquqlarını müdafiə edən vəkil sonda bir fikri ilə haqsızlığa qarşı  üsyan səsini  belə  ucaldır:

-Mən ianıram ki, Xəzərin mənəviyyatındakı zədələr tezliklə sağalacaq. Ancaq belə hüquq keşikçilərimizin bizim inamımıza vurduğu zərbələr isə yaddaşlardan silinməyəcək.

Bəli, “haqq əyilər, amma üzülməz”, -deyib atalar. Haqsızlığın xərçəng kimi çoxayaqlı şəkildə mənəviyyatımıza sürətli soxulması  həqiqətdir. Buna qarşı isə kütləvilik qələbəyə aparan yol və qaliblik təntənəsidir. Bunu isə hələ ki, az hallarda müşahidə edirik. Xəzərin qələbə çalmasında, haqlı olmasının subuta yetirilməsində  onu sevən Xatirənin və Əsmər xanımın rolu çox  böyük olur.

Hər zaman həyatımızda rastlaşdığımız hadisələrin əsərdə özünə yer tapması, bədii və obyektiv orijinal süjet xətti uzərində qurularaq  və qaçılası olmadığımız həyat əzablarının bu qədər mükəmməl işlənilməsi yazıçıdan fərasət və istedad tələb edir. Qarışıq həyat tərzi Əsmər Sultanlıda  faciəvi tale sonluğu ilə bitsə də, yazıçı oxucuda elə bir nikbin ruh yaradır ki,  əsəri yenidən oxumağa məcbur olursan.

Əsmər kimi qadınlarımızın bəzən sevgi hissləri ilə ailə arasında yaratdığı zidiyyətli məqamlar acı sonluğa gətirib çıxarır. Qadın unutmamalıdır ki, ailə, bütün sevgilərin başlanğıcı və sonudur.  Məhəbbət insanlığın bir-birinə qarşı hörməti üzərində qurulur. Aldadıcı həyat, ötəri sevgi  hissləri ailə bünövrəsinin təməlində özünə yer tapa bilməz. Əsmər ürəyində sevdyi oğlanın hissləri ilə yaşayır, lakin başqası ilə ailə qurur. Bu isə ona heç də xoşa gəlməyən tale bəxş edir.  Balaşın yazdığı  məktub əslində  Əsmərin simasında bir çox qadınlarımıza  əsl həyat dərsidir. Aqşin Əlizadənin bir əsərində oxuduğum məqam yadıma düşür: “Sevməyərək ailə qurub bir damın altında kişiylə yaşayan qadın əsl fahişədr”. Buna məcbur olunan qızlarmızın həyat məngənəsində sıxılaraq  başqa yollara sürüklənməsi isə H.Mirələmov kimi yazıçılarımızın  qeyrət və namus pərdəsi altında inildəyən hissləridir ki, onu görməmək mümkün deyil.  Qadınlarmız ömür boyu kişilərin qeyrət rəmzi olublar. Sevməsə də ailə qurandan sonra ailə qanunlarına itaət və kişilik qeyrətini qorumaq onların mənəvi borcu olub. Bu, lap keçmişimizdən bizə qalan mirasdır. Biz onu qorumalı və gələcək nəsillərə ötürməliyik. Lakin çox əfsus… Əsərdə olduğu kimi bəzi qadınlarımız bu itaətkarlığa adi baxır,  ailə müqəddəsliyinə  düzgün yanaşmırlar.  Doğrudur , Əsmər “xoşbəxtliyə”  nail olur. Amma bir insanın həyatını puç etmək, bir kişinin qeyrətni tapdamaq  Azərbaycan qadınına yaraşmayan xüsusiyyət  kimi qiymətləndirir, sevginin gizlin yaşamasına və onun qorunmasına  daha önəm verirəm. Balaşın  onu aldadan qadına yazdığı məktub o qadın üçün ölümə bərabər bir cəza olmaqla yanaşı, həm də onu  ömür boyu mənəvi əzaba düçar etməkdir.

***

Əsərdə  qəhrəmanın ölgün hisslərini  yenidən diriltmək, özündə təpər tapmaq və dözüm və mərdlik nümayiş etdirməklə həyata  baxışını dəyişmək və bu amilləri oxucuya da siraət etməklə onda   sevgi yaratmaq, yaşamaq  qüdrətini artırmaq yazıçı məharətindən başqa bir şey deyil desəm, bu  da daha dəqiq olar. Əslində müasir zamanın da tələbi elə budur. Onsuz da zamanın qəddarlığı, kriminal həyat axını hər kəsin psixologiyasına  mənfi təsir etməklə yaşamaq kimi gözəl hisslərin qarşısına çox hallarda sədd çəkir. Məhz yazıçının bu mənada obyektivliyi və bütövlüyü alqışa layiqdir. Yazıçı elə belə də olmalıdır.

Yazıçı təbiəti rahatlıq tapmayan, dinclik bilməyən  təbiətdir. Onun əsas məqsəd və inqilabi  borcu yaxşı yazmaqdır.  Əfsus ki, son zamanlar həyatımızın hər bir anında bizi izləyən problemli tale və acılı hadisələr əsərlərdə olduğu kimi yer ala bilmir. Hüseynbala Mirələmov isə mənim dediklrimin və istədiklərimin öhdəsindən cəsarətlə gəlib. İntizarda qoyduğu oxucunu obrazların  dilində  danışdıra və doğmalşdıra bilməklə onu özünün həyat eşqində yaşatmağı bacarıb.

Həyatın bütün sevinci yaradıcılıqdadır. Əslində nəyisə yaratmaq, yazmaq  ölümü öldürmək deməkdir. Düşüncəmdə özünə realist yazıçı kimi yer tapan  Hüseynbala Mirələmov toxunduğu mövzularda məhz ölümü öldürməklə, yaşam tərzini gücləndirmək, haqqın-ədalətin  keşiyində durmaq, bütün varlığıyla  doğru olan hər şeyə yan almaq kimi həyat eşqinin insani hisslərlə qaynağını təmin edə bilmişdir.

“Cəza” əsərində  tamam fərqli bir epizodlar görürük. Burda heyvanların  təbiəti, həyat davranışı,  balalrına olan qayğısı, insanlara qarşı hiddət və nifrətli baxışı sənətkarlıqla qələmə alınmışdır. Canavar vəhşi heyvan olsa da onun heyvan hisslərindəki mərhəmətlik, balasına və cütlük etdiyi  tayına qarşı diqqəti insanda qəribə hisslər oyadır. Heyvanların  da öz hissləri, öz aləmləri var. Onlar da ailə şəklində yaşayır və onu qorumaq uğrunda mübarizə aparır. Hər zaman insan təhlükəsiylə  üzbəüz qalan heyvan  balalarını qorumaq üçün ayıq dayanır.  Lakin tülkü Qasımın  təhlükəsindən yaxa qurtara bilməyən canavar,  balasının oğurlanmasını bildikdə ulayıb haray qoparır. Ulamaq isə onların ağlaması, ah-naləsidir.  Tülkü  Qasım canavar balalarını satıb pul etmək üçün ovlayıb, onlara qənim kəsilməklə ovçuluq məharətini göstərir. Lakin insanlıq hisslərinin vəhşilik hisslər əvəz  etməsini tam dərk etmir.

Zorakılıq yırtıcı heyvanların qanunu olduğu kimi, qeyri zorakılıq da insan nəslinin qanunudur. Heyvanın ruhu yuxudadır, ona görə də heyvan zordan başqa qanun tanımır. İnsanın vicdanı isə qanuna-ruhun gücünə tabe olmağı tələb edir. Tülkü Qasım və eləcə də onun ətrafında olanlar bu qanundan kənardı. O, bu cilddə insanların da qəlbinə girməyi və onlarla hər dildə danışmağı bacarır.  Meşədə ağacları qıraraq özünə restoran tikən harın,  imkanlı Ağalələnin içini, pula hərisliyini, heyvanlara qənim kəsilən tülkü Qasımın hiyləgərliyini, alçaq və rəzilliyini  açıq aydın göstərən yazıçı bununla da insanların yeri gəlsə  heyvandan betər vəhşiləşməyinə işarədir. Hatəm kimi, Qərənfil kimi haram pulla  özlərinə meşədə istirahət ayıran,  həyatın məhz onlar üçün yalnız eyş-işrətdən ibarət həyat tərzi,  düşüncəsiz və ağılsız hərəkətləri ilə insanlıq həddini aşmaları oxucu qəlbində hiddət doğurur. Belə insanların  həyat üçün təhlükəli olduqları qədər də, heyvani hissləri ilə cəmiyyətdə özlərinə yer tuta bilmələri aydın görünür.

Hər gün yenicə boy atıb təbiəti gözəlləşdirən, insanın həyatı üçün lazım olan ağaclar da onlara qənim kəsilən insanların ovuna çevrilir. Bu insanlığın son həddi, vəhşiliyin başlanğıcıdır.  Amma nə balasından ayrı düşən canavarların, nə də vaxtsız kəsilən ağacların ahı-amanı yerdə qalmır. Təbiətin hokmü, fəlakəti  tülkü Qasım kimi, Ağalələ kimi açgöz, harın və şərəfsizlərin dərsini vaxtında verir.

Böyül mütəfəkkir Cəlil  Məmmədquluzadə yazırdı: “-Ölmək fəlakət deyil, ən böyük fəlakət öləndən sonra ölməkdir”. Qəhrəmanlar, yazıçılar, şairlər o qəbildəndi ki, yazıb yaratdıqları ilə bərabər yaşayır və  ölümsüzlüyün zirvəsində öz heykəllərini qururlar.  Məhz  Hüseynbala  Mirələmov belə samballı əsərləri ilə öz heykəlini oxucu qəlbində qura bilən yazıçıdır.                                                                                                                                                                                                Yazıçının  “Əclaf”  əsərində dostluqdan, mənəvi birlikdən söhbət açılır.  Ayrı-ayrı xarakterə malik olan tələbə dostlar-  Polad və Ruslanın dostluğunda zidiyyətli məqamlar sonda ayrılığa gətrib çıxarır. Ruslan həddindən artıq imkanlı bir ailədə böyümüş, dost üçün əliaçıq, fədakar olsa da, amma sözündə və tərbiyəsində Poladla heç cürə düz gətirmir. Onun açıq-açığına qızlarla yaxın əlaqəsi, imkanından gen bol istifadəsi, əxlaqsız əyləncəsi Polada əsəb gətirir, qəbul etmədiyi halda dostluq naminə  göz  yumur.   

 Polad isə əksinə körpə ikən atasını itirmiş, anası Səkinə xanım onu çox çətinliklə böyütmüş və tərbiyəli, ağıllı bir oğlan  olmuşdur. Doğru, düzgün  və  mənəviyyatlı olan Polad dostunun əxlaqsız hərəkətlərinə,  nöqsanlarına  bəzən iradını bildirsə də, ona qarşı xəyanətini bağışlamır. Dostluq  şüşə kimidir, sındırsan düzəldə bilməzsən. Yenicə  sevdiyi,  ilk  görüşünə tələsdiyi, ürəyini açmaq istədiyi qızı Ruslana  kənardan göstərməklə ona inanmış, bu yolda dostunun köməyində ehtiyacı olmasını anlatmışdır. Lakin, dostu onun bu sevgisini əlindən alır və ona xəyanət etir. Xəyanət,  namusla yaşamağa ağlı çatmayan axmaqların əməlləridir. Belələri isə cəmiyyətdə özünə yer tapa bilməz.

Hüseynbala  Mirələməov  “Məhəbbət hekayəti” ilə gözümüzdə ölümsüzlük abidəsini qura bilmişdir. Bu hekayə istər obrazlılıq, istərsə də mövzu və aktuallıq baxımından o qədər təsirli və orijinaldı ki, bəlkə də bu hekayə  zaman üçün ən dəyərli vətənpərvərlik mövzusunda yazılmış pik əsərdi.

Günay obrazı bu baxımdan əsl Azərbaycan qızının igid və ərinə verdiyi qiymət və dəyər, məhəbbəti  uğrunda mübarizəsi tarixi bir filmdir. Qalaq-qalaq dərdimizin, tikə-tikə bölünən vətənimizin qara üzünə sərilən ağ pərdədi ki, oradan hər şey gözəl görünür. Əsrlər boyu yaşadığımız başı bəlalı vətənimizin bu gun üçün də doğulan günəşi buludlu, havası yağışlı, günü toranlıqdı. Kimdi bunları edən?! Naqislik, alçaqlıq, torpağa hərislik, mənəm-mənəmlik iddiaları və satqınlıq.

Qarabag müharibəsi Vətənimizin necə gənc oğlan və qızlarının həyatına qaçqınlıq, əsirlik, Şəhidlik taleyi yazdı.Yenicə həyata göz açan, sevib sevilmək istəyən gənclərimizn gözünü məhəbbət yerinə müharibə alovları qamaşdırdı, qəlblərini odlandırdı. Hekayədə öz məhəbbəti uğrunda mübarizə aparan gənc qız sədaqətin, etibarın, inamın  yoluna doğru addım  atır. O,  Vətən yolunda iki gözünü qoyan canlı Şəhid nişanlısına qovuşmaq üçün aclıq edir. Ata-anasına, qohum-əqrabasına qarşı çıxan,  doğmalarının təklifini qəbul etməyən Günay  sonda qələbə çalır. Əzəldən atasının rəva bildiyi varlı-dövlətli oğlanı yox, məhz kasıb, ancaq mərd Xəyalı sevən, özü üçün həyat həmdəmi seçən Günay yanılmır. Xəyalın valideynləri elə düşünür ki, oğullarının kor olması onun sevdiyi qız tərəfindən qəbul edilməyəcək. Günayın valideynləri  müharibədə  iki gözündən  şikəst olan Xəyalla qızlarının  ailə qurmasına  razlaşmasalar da, Günay öz inadından dönmür. Xəyalı daha da çox və dəlicəinə sevir və bu sevgi onu qaliblik zirvəsinə çatdırır. Günayı düşündürən Xəyalın mərdliyi, Vətən uğrunda mübarizəsi, qəhrəmanlığı və  qorxmazlığıdır. Bu amillər onu  Xəyala daha da  bağlayır və sevgisinə çatmağa yardımçı olur. Əsər ailə quran, özlərinə həyat yoldaşı seçə bilməyən  qızlarımza və sevgiyə qarşı çıxan valideynlərimizə  tutarlı və çox layiqli  cavabdır.

Başqa bir əsəri “ Gecə sürünən ilanlar” da çox dəyərli və oxunaqlıdır. Yazıçı burada bir nazir qızına məqsədli şəkildə sevgi elan edən, onun yolunda hər cür canfəşanlıq göstərən və nəhayət  öz məqsədinə məharətlə çatan Əkrəmin hiyləgərliyini açıb göstərir, həyata baxışını, insanlara münasibətini daxili aləminin  gücündə olduğunu aydın şəkildə ifadə edir. Aydanın rəfiqəsi Fəridənin gözündən Əkrəmin saxta hərəkətləri, yalançı məhəbbəti  heç də yayınmır və hər zaman ona qarşı olan ikrah hissini də gizlətmir. Lakin atasının yanında köməkçi işləyən və bu oğlanla ailə qurmasına məhz atasının razılığı olduğuna görə məcbur qalan Aydan sonralar Əkrəmin kim olduğunu duyur, lakin həyat oyunlarının mahir  ifaçısına bir söz deməyə gücü çatmır. Çünki artıq nazir atası həyatda yox və  Əkrəm isə  özü üçün böyük karyera əldə etməklə  Aydanın  atasının varından yaxşıca  bəhrələnmişdir. Ailə xətrinə Aydanın  hər şeyə dözməkdən başqa  çarəsi  qalmır. Əkrəmin  mənəviyyatsız olması Aydanın rəfiqəsi Fəridəyə qarşı münasibətində  aydınlığı ilə görünür.  Lakin Fəridə kasıb olsa da, baxmayaraq ki, yoldaşının işsiz olması üçün əyilməyən qürurunu onun qarşısında  əyir, nə rəfiqəsinə, nə də həyat yoldaşına xəyanət etməyi fikirləşmir. Əkrəm dəfələrlə ona hələ keçmişdən  ürəyində olan sevgisini açaraq, ona ürəyi istədiyi kimi dəbdəbəli ev-eşik tikmək, gözəl həyat bəxş eləmək təkliflərini irəli sürsə də Fəridə bunların hamısını rədd  edir.   Əkrəmin layiqli cavabını verir. Təbiidir ki, Əkrəm kimi saxta məhəbbətiylə, yaltaq  görünüşüylə insanların qəlbinə girən və özünə “kişilik” həyatı quranlarımız çoxdur. Ancaq belələrinə qalib gəlməyi və onu susdurmağı bacaran Fəridə kimi qadınlarımız da var. Bu qadınlarımızla da fəxr etməliyik. Bu, yazıçının ali məqsədidir.

Bəli, yazıçının ictimai baxışı güclü olanda, əsər   oxucuya  öz  qəlbini geniş açır, ona ürəyində yer ayırır.  Hüseynbala  Mirələmovun istər estetik baxışı, istər yazıçılıq zövqü ictimai-bədii əsasın kökündə özünə kürsü yarada bilib. Qəribə burasıdır ki, kitabda toplanan əsərlər həm aktuallığı,  mövzu fərqliyi, həm də müasir baxışıyla çox mükəmməl və olduqca dəyərlidir.  Hər əsər bir həyat məktəbi, bir mənəviyyat dərsidir desək,  səhv etmərik.

“Gecə bənövşələri” hekayəsi  olduqca kədərli bir məhəbbət üzərində qurulmuşdur. Adil sevdiyi Sənubərlə xoşbəxt ailə həyatı qurur. Lakin bu xoşbəxtlik uzun çəkmir. Onun bütün istəklərini yerinə yetirən, varlığıyla ona bağlanan Adil sevgilisi Sənubər haqqında sanki öz xatirəsini yazır. Sənubərin vaxtsız sağalmaz xəstəliyə düçar olması Adilə pis təsir edir. Onu xarici dövlətdə müalicəsini etdirsə də sağalmır. Vaxtsız dünyadan köçən Sənubərə yalnız sevdiyi  gecə bənövşələri qalır. Sevgilisi, ömür gün yoldaşı Adil onun vəsiyyətinə əməl edərək, həmin bənövşələri Sənubərin məzarı üstündə  əkir.

Bu da həyatın son anı, son amanı. Vaxtsız açılıb solan çiçəklər kimi həyat da üzümüzə çox zaman gülmür, verdiyi gülüşü isə tez də alıb aparır.

Mən bu kitabı son zamanlar oxudugum kitablar içərisində ən mükəmməl əsərlər toplusu, ən dəyərli kitab hesab edirəm. Sözün əsl mənasında dili rəvan, bədii və ədəbi dil üslübü yerində olan yazıçı Hüseynbala  Mirələmov bu gün üçün ədəbiyyatımızın aclığını doyduran, zamanın baxışına uyğun mövzu seçimi etməklə, özünə yaxşı oxucu kütləsi toplayan və məhsuldarlığı ilə öndə gedən yazıçıdır. Gəlin onu da  unutmayaq ki, belə əsərlər bütün gənc nəslimizə gərəkli və onların sabahına işıq salan işıqlı, tərbiyəvi  yoldur.

Müəllifin bu kitabdakı  əsərlərdə həyatın hər üzü  bütün gerçəkliyi ilə qələmə alınmışdır. Sevgi və məhəbbət elminin insanlıq elminin üzərində bərqərar olması , insani  hisslərin aliliyində sevginin haqq və ədalət harayı,  Vətən adlı müqəddəs varlıqda vicdan və mənəvi gücün birliyi, tale və bəxt yazısı dediyimiz  anlamda insani keyfiyyətlərin, doğru olan hər şeyin  qələbəsi  və Allaha bağlılıqdır.

Bu mənada Hüseynbala  Mirələmovu oxumağa dəyər. Mən yazıçının daha böyük və sambalı əsərlər yazmağına inanıram  və ümid edirəm. Ona bu yolda uğurlar diləyi ilə

 Nəcibə   İLKİN,

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

Şair-publisist

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN