Cəbrayıl, Füzuli, Xocavən rayonlarının yaşayış məntəqələrinin və bir sıra strateji yüksəkliklərin azad olunmasında böyük şücaət göstərib, ermənilərə qan udduraraq şəhid olan Şərurun igid oğlu Əmrah İsmayılov daima qəlblərdə yaşayacaq...

44 günlük Vətən döyüşlərində şəhidlik zirvəsinə ucalan hər bir döyüşçü, təbii ki, təkcə ata-anasının yox, qəlbi vətən eşqi ilə döyünən hər kəsin övladıdır. Təbii ki, həmin döyüş zamanı  evlərimizdə oturub, cəbhədən gələn sevindirici xəbərlərlə yanaşı, aldığımız şəhid xəbərləri bizləri dərindən sarsıdırdı. Əlbəttə ki, şəhid olmaq hər adama nəsib olmur.

Özləri də bunu bilərək, qorxmadan qəhrəmancasına düşmənin üzərinə yürüyərək, döyüş meydanında qəhrəmanlıq dastanı yazırdılar. Belə qəhrəmanlarımızdan biri də mənim doğulub boya-başa çatdığım Şərur rayonunun Cəlilkənd kəndinin igid oğlu İsmayılov Əmrah Xudaverdi oğludur.

Əmrahın şəhid olduğunu və onun əsl qəhrəman kimi heç bir qorxu bilmədən düşmənin üzərinə getdiyini eşidəndə həm sarsıldım, həm də böyük qürur hissi keçirdim. Düzdür, Əmrah yaşca məndən xeyli kiçik olduğundan onu yaxından tanımırdım. Amma yaxın rəfiqəm olan bibisi Şəfiqə xanımla demək olar ki, hər gün Əmrah haqqında həmsöhbət olurduq. Şəfiqə xanım Əmrahın qəhrəmanlığından, cəsurluğu ilə komandirlərinin necə rəğbətini qazanmasından, döşmənin canına necə vəlvələ salmasından danışır, mən isə eşitdiklərimdən sonsuz fərəh hissi keçirirdim...

***

Bir gün Əmrahın təhsil aldığı Cəlilkənd kənd orta məktəbinə getdim. Əmrahin sinif rəhbəri olmuş, eyni zamanda kimya- biologiya fənnini tədris etmiş Qönçə müəllimə şəhidimiz haqqında verdiyim sualdan qəhərlənərək göz yaşlarını saxlaya bilmədi: “Əmrah çox ciddi, dürüst, vətənpərvər bir uşaq idi. Həmişə hərbçi olacağını, düşmən tapdağı altında olan torpaqlarımızı azad edəcəyini qürurla danışardı... Heç cürə inana bilmirəm ki, sevimli şagirdim daha bizim aramızda yoxdur. Ancaq bircə təsəllim odur ki, Əmrah şəhidlik zirvəsinə ucalaraq, ölməzliyə qovuşdu...”

Qönşə müəllimə qəhər boğduğundan daha sözünün davamını gətirə bilmir. Amma istəyirəm elimizin bu qəhrəman oğlu Əmrahın keçdiyi qısa və qürurlu həyat yoluyla bir az ətraflı tanış olaq.

İsmayılov Əmrah Xudaverdi oğlu 1994-cü il noyabrın 10-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəlilkənd kəndində anadan olub. 2000-ci ildə Şərur rayon Cəlilkənd kənd tam orta məktəbinin 1-ci sinfinə daxil ollub. 2011-ci ildə həmin məktəbinin 11-ci sinfini bitirib. 2012-ci ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında “n” saylı hərbi hissəsində Xüsusi Təyinatlı Qüvvələrin əsgəri kimi həqiqi hərbi xidmətə başlayıb. Uşaqlıq yaşlarında vətənpərvərliyi ilə fərqlənən Əmrah hər zaman hərbçi olmaq istəyirdi. O, həqiqi hərbi xidmətini bitirdikdən sonra, gizirlik kursuna yazılır və kursu bitirərək gizir hərbi rütbəsi alır. O, xidməti dövründə komandanlıq tərəfindən qarşıya qoyulmuş bütün tapşırıqları vaxtında və dəqiq yerinə yetirmişdir. 2018-ci ildə başladılmış “Günnüt” əməliyyatındakı xüsusi xidmətlərinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən mükafatlandırılıb. Xidməti dövründə həmişə nümunəvi hərbçi kimi fərqlənmişdir. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan kimi, digər hərbçi yoldaşları ilə yanaşı, İsmayılov Əmrah da döyüşə can atır. O, komandanlığa müraciət edərək, ön cəbhəyə, Qarabağa yollanmaq istədiyini bildirir. Onun bu istəyi yerinə yetirilir və Əmrah 18 oktyabr 2020-ci ildə döyüşlərə qatılır. Az müddətdə  Cəbrayıl, Füzuli, Xocavən rayonlarının yaşayış məntəqələrini və bir sıra strateji yüksəkliklərin azad olunmasında Əmrah böyük şücaət göstərərək ermənilərə qan uddurur. O, bu döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını sıradan çıxarır. Amma çox təəssüf ki, Azərbaycan Ordusunun baş giziri İsmayılov Əmrah qələbə sevincini gözü dolusu yaşaya bilmir. Axı qəhrəmanımız düşmən kaputulyasiya aktını imzalayan gün, 2020-ci il noyabrın 9-da, 26 yaşının tamamına bir gün qalmış düşmən gülləsinə tuş gəlir. Əmrah Xocavənd rayonu uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olur.

O, 2020-ci il noyabrın 13-də Şərur rayonunun Şəhidlər Xiyabanında təntənəli surətdə, bütün rayon ictimaiyyətinin içtirakı ilə dəfn edilir. Şəhidimizin özündən sonra bizlərə iki övladı əmanət qaldı.

İsmayılov Əmrah Xudaverdi oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında fəal iştirak etməklə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə (ölümündən sonra) “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Vətən Əmrah İsmayılov kimi qəhrəman oğulları ilə fəxr edir! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Elnarə Şərurlu

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN