Bu günlərdə Yardımlı və Lerik meşələrində ağacların kəsilməsi hallarının artması ilə bağlı
Meşələrin İnkişafı Xidməti həyəcan təbili çalmışdı.
Və ehtimal edilirdi ki, son dövrdə ölkəyə gətirilən taxta materiallarının idxalında azalmaya görə belə hallar artıb.
İndi də Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Masallı rayonunun ərazisində keçirilən nəzarət tədbirləri zamanı rayonun Köhnə Alvadı kəndində kənd sakini Rəqib Vəlizadəyə məxsus ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 11,2 m3 həcmində işlik meşə materialı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, işlik materialın haradan əldə olunmasının müəyyən edilməsi məqsədilə toplanmış sənədlər Masallı Rayon Polis Şöbəsinə göndərilib.
Qeyd edək ki, ölkəmizin meşə sahələri 1021min hektardır ki, bu da Respublika ərazisinin 11,8 %-ni təşkil edir.
Və təəssüf ki, Ermənistanın 30 ilədək işğal altında saxladığı Qarabağ bölgəsində hektarlarla meşələrimiz məhv edilib. Onlar, hətta adı “Qırmızı Kitab”a düşmüş ağacların da kökünü kəsməyə çalışıblar. İllər uzunu bu meşələrin ağaclarını ermənilər kəsərək Ermənistana daşıyıblar, ticarətini edib, qazanc götürüblər. Meşə ərazilərimizi düzəngaha çeviriblər.
Əlimizdə qalan meşə ərazilərimizə indi də özümüz qənim kəsilmişik.
Yardımlı, Lerik, Masallı meşələrində davamlı olaraq ağac qətliamı həyata keçirilir. Belə hallara qarşı yəqin ki, daha ciddi ölçü götürülməlidir.
Y.MƏMMƏDLİ