Qarabağ müharibəsi qazilərinin, veteranlarının, şəhidlərimizin adı bizim üçün ən uca və toxunulmazdır.

44 günlük Vətən müharibəsi iştirakçıları isə canları, qanları bahasına  29 illik həsrətdən sonra bizi dogma Qarabağımıza qovuşdurdular, düşmən tənəsindən, utancdan qurtardılar. Bu insanlar ən böyük hörmətə layiqdirlər.

Qarabağ müharibəsi iştirakçıları - qazilərimiz dövlət tərəfindən müxtəlif orden və medallarla təltif ediliblər, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün avtomobil, mənzillə təmin edilirlər. Dövlətin, aidiyyəti qurumların daima diqqəti Vətən müdafiəçilərinin üzərindədir. Və bu, belə də olmalıdır. Şəhidlərimizin ailəsi, qazilərimiz heç kəsə möhtac olmamalı, çətinlik çəkməməlidirlər.

Təəssüf ki, müharibə barədə anlayışı belə olmayan, səngər üzü görməyən hansısa şəxslər bəzən qazi – müharibə veteranı adından müxtəlif iyrənc məqsədlər üçün istifadə edirlər, bizim üçün ən toxunulmaz olan bu adlara kölgə salmağa çalışırlar.

Bu dəfəki “qəhrəmanımız” isə pul qazanmaq üçün daha irəli gedərək, bu ad altında dilənçiliyə başlayıb. Hansı ki, heç bir qazi bunu etməz və bu, mümkün deyil. Elə hərbi geyimdə əlil arabasında dilənən Ağdaş rayon sakini Ümid Məmmədovun bu kələyinin də üstünü polis əməkdaşları açıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Nəsimi rayon Polis İdarəsi tərəfindən saxlanılan Ümid Məmmədov barəsində materiallar toplanaraq məhkəməyə göndərilib.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Ümid Məmmədov inzibati qaydada 30 sutka həbs edilib.

Qeyd edək ki, araşdırma zamanı o da məlum olub ki, 1996-cı il təvəllüdlü Ümid Məmmədov indiyədək Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 3 dəfə məhkum edilib.

Sadəcə təəssüflənirik - Qazi adından belə şəxslərin istifadə etməsinə və insanların belə kələkbaza inanaraq sədəqə verməsinə!

Qazi adı isə çox- çox ucadır. Onlar vətənin hər qarış torpağı üçün qanını əsirgəməyənlərimizdir, qorxu bilməyən, ölümün gözünə dik baxan  igidlərimizdir. Qarabağı azad edən qəhrəman oğullarımızın adından dilənçilik etmək isə ən böyük yaramazlıq və qələtdir!

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN