Gəncə şəhər sakini Nərminə Şahnəzərova redaksiyamıza müraciət edib. N.Şahnəzərova yazır ki, Vətən müharibəsi dövründə ermənilər tərəfindən Gəncə şəhərinin bombalandığı zaman qayınanasının evi dağılıb: “Ailəmizin üç üzvü - qaynım, onun həyat yoldaşı və uşağı şəhid oldu. İki ilə yaxındır ki, kirayədə yaşayırıq. Nə kirayə ödənişi ala bilirik, nə də ev tikilir ki, yaşayaq”.

N.Şahnəzərovanın sözlərinə görə, Muxtar Hacıyev küçəsi, döngə 2, ev 24 ünvanında yaşayan zərərçəkmiş şəxs onun qayınanası, 64 yaşlı Təzəgül Şahnəzərovadır: “2020-ci il oktyabrın 17-də gecə saatlarında düşən bomba evi yerlə-yeksan edib. Ailəmizin üç üzvü də şəhid olub. O ərazidə tək qayınanamın yox, neçə nəfərin evi bu vəziyyətə düşüb. Hadisədən sonra evin tikintisinə başlanıldı. Sadəcə, divarları tikildi və damı vuruldu. Qalan heç bir iş aparılmayıb, yarımçıq qalıb. Qayınanam da yaşlı qadındır, kirayələrdə qalır”.

Şikayətçi iddia edir ki, bu müddət ərzində onlara kirayə pulu da verilməyib: “Qayınanam indi bizimlə birlikdə kirayədə yaşayır. Kirayə pulu da vermirlər. Dəfələrlə İcra Hakimiyyətinə müraciət etmişik. Bizə deyirlər ki, “məsələ bizlik deyil”. Kirayə pulu verməmələrinə də səbəb kimi onu göstərirlər ki, hadisədən sonra evi dağılan şəxslər yataqxanadan açar götürüb orada yaşayıb, amma mənim qayınanam orada qalmayıb. Onu da mən özüm qoymadım. Ona görə ki, xəstə adamdır, yataqxanada qalmaq ona çətin olacaqdı. Bundan başqa da üç şəhid verib axı... Necə gedib yataqxanada ölüsünü götürərdi?! Gəldi, bizimlə yaşadı”.

Digər şikayətçi Gəncə şəhər sakini Rüfət Əsgərovdur. Əli Nəzmi küçəsi, ev  4 ünvanında yaşayan zərərçəkmiş R.Əsgərov bildirir ki, şəhərin bombalanması zamanı evi yararsız hala düşüb. O da nə kirayə ödənişi ala bilir, nə də evi təmir olunur: “Bomba yaşadığımız evdən təxminən 200 metr aralıya düşüb. Evimiz tamamilə yararsız hala düşdüyündən məcburən kirayəyə köçdük. O vaxtdan bizə kirayə haqqı ödənməyib. Təmir-bərpa işləri isə çox ləng gedir. Təkcə evin dam örtüyü vurulmuşdu, onu da 6 gün öncə gəlib söküb aparıblar ki, düzgün vurulmayıb. Ev yaşanmalı halda deyil. İçində bəzi əşyalarımız var idi ki, yığıb bir otağa qoymuşduq. Dam söküləndən sonra yağış suları onların üstünə tökülüb”.

Şikayətçinin sözlərinə görə, Ermənistanın təcavüzü nəticəsində ziyan dəymiş evlərinə görə 1000 manat məbləğində ödəniş olunub ki, onu da elə həmin mənzilin pəncərəsinə xərcləyib.

Sözügedən problemilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən belə bir açıqlama verilib: “Gəncə şəhərindən vətəndaş Təzəgül Şahnəzərovanın evinə baxış zamanı qəzalı olması barədə tərtib edilmiş texniki akta əsasən, onun əvəzinə yeni yaşayış evi inşa edilib. Tikinti işləri sakinin tələblərinə uyğun olaraq hazırlanmış layihə əsasında həyata keçirilib. Ev hazırdır, tamamlanma işləri aparılacaq.

Digər vətəndaş Rüfət Əsgərova məxsus fərdi ev isə təmir ediləcək yaşayış obyektlərinin siyahısındadır. İşlərin bir qismi görülüb. Yaxın zamanda təmir yekunlaşdırılacaq”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN