Ucar şəhəri, Şah İsmayıl küçəsi ev 72-də yaşayan Əmrahova Gülayə Akif qızı tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlanıb.
Surəti redaksiyamıza daxil olan müraciətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsləri tərəfindən G.Əmrahovaya qarşı edilən qanunsuzluqlardan söz açılır.
Şikayətçi yazır: "Hörmətli Mehriban xanım, mən aztəminatlı ailə olaraq sosial yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron qaydada dəfələrlə müraciət etmişəm. Müraciətlərim VEMTAS tərəfindən rəsmi qaydada baxılması üçün qəbul olunub və birinci mərhələni keçib. Yəni qanunvericiliyə uyğun olaraq sistemə ötürülən məlumatlar sistem tərəfindən yoxlanılıb və uyğunsuzluq tapılmayıb. Lakin ikinci mərhələdə, yəni ailəmin maddi-məişət şəraitinin yoxlanılması zamanı nazirliyin əməkdaşları tərəfindən verilmiş əsassız qərar nəticəsində imtinalar verilib. İmtinanın səbəbi kimi də göstərirlər ki, «Ailə üzvünün düzgün göstərilməməsi». Halbuki mənim hal-hazırda ailəm üki övladım və özümlə birlikdə üç nəfərdən ibarətdir. Bu Ucar notariusundan mənə verilmiş ərizə formasında da göstərilib.
Bildirirəm ki, həyat yoldaşım bir necə ildir dünyasını dəyişib. Böyük oğlum hal-hazırda müddətli hərbi xidmətdədir. Digər oğlum doqquz illik natamam orta məktəbi qurtarıb. Hazırda Göyçay şəhərində ilk peşə ixtisas təhsilini alır. Yəni şagirddir. Üçünçü övladım olan qızım orta məktəb şagirdidir.Hal-hazırda iki övladımla birlikdə yaşayıram. Yuxarıda qeyd etdiyim kimi, böyük oğlum həqiqi hərbi xidmətdə olduğu üçün qanunvericiliyə əsasən ailə üzvü sayılmır. Amma nazirliyin əməkdaşları maddi məişət yoxlanılmasına gələn zaman deyirlər ki, hərbi xidmətdə olan oğlumun da adı ailə tərkibinə salınmalıdır.
May ayının 27-də Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Ucar şəhərində vətəndaşların qəbulunu keçirən zaman mən də həmin qəbulda olmuşam. Ailəmə sosial yardımın verilməsində olan problemi Hidayət Abdullayevin özünə bildirərək dedim ki, hərbi xidmətə gedən zaman oğlum bütün sənədlərini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar Rayon Şöbəsinə təhvil verib. Oğlumun şəxsiyyət vəsiqəsini isə etibarnamə olmadan bizə verməzlər və bunu istəməyə bizim haqqımız çatmır. Şəxsiyyət vəsiqəsi olmadan sosial yardım üçün verilən ərizə formasına hərbi xidmətdə olan oğlumun adını salmaq mümkün deyil. Qəbul zamanı Hidayət Abdullayev mənim sözlərimlə tam razılaşdı və Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinin Cəbrayıl adlı əməkdaşına ciddi şəkildə tapşırdı ki, mənim sosial yardım üçün müraciətimə belə əsassız imtinalar verilməsin. Cəbrayıl müəllim də Hidayət Abdullayevə söz verdi ki, bu dəfə mənim ailəmin maddi-məişət yoxlanılmasını şəxsən özü keçirəcək və ailə tərkibinin düzgün göstərilməməsi ilə bağlı əsassız imtina verilməyəcək.
Həmin qəbuldan bir neçə gün sonra şəxsən Cəbrayıl müəllim mənim ailəmin maddi-məişət şəraitinin yoxlanılmasını keçirdi və dedi ki, başqa əsaslı səbəb olmasa, ailə tərkibinin düzgün göstərilməməsi ilə bağlı imtina verilməyəcək. Lakin bu gün yenidən mənə imtina gəlib. Yenədə imtinada göstərilib ki, «Ailə tərkibinin düzgün göstərilməməsi».
Bu imtinanı gördükdən sonra mən Cəbrayıl müəllimlə telefonla əlaqə saxladım və təkrar mənə əsassız imtina verildiyini dedim. O, əvvəlcə mənə dedi ki, oğlumun xidmət etdiyi hərbi hissədən arayış gətirməliyəm. Mən onun bu sözünə etiraz edərək bildirdim ki, oğlum Qarabağda hərbi xidmətdədir. Məni kimdi ora buraxan. Bundan sonra Cəbrayıl müəllim sözünü dəyişərək dedi ki, mən notariusa deməliyəm və notarius da ərizə formasına oğlumun hərbi xidmətdə olmasını qeyd etməlidir. Mən Cəbrayıl müəllimə dedim ki, oğlumun heç bir sənədi məndə deyil. Şəxsiyyət vəsiqəsi olmadan notarius onu necə qeyd edə bilər? Mənim bu sualıma Cəbrayıl müəllim cavab verdi ki, «o sizin probleminizdir, necə istəyirsiz elə də həll edin»
Hörmətli Mehriban xanım, mən dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə teleqarm göndərərək məni qəbul etməsini xahiş etmişəm. Bu teleqramlar daşın üstünə getsəydi, daş dil açıb mənimlə danışardı. Amma Sahil Babayev mənim bu teleqramlarımın heç birinə çavab verməyib. Ona görə də sizdən xahiş edirəm, məni Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə və onun müavini Hidayət Abdullayevlə şəxsən qəbul edəsiniz".
İddia olunanlarla bağlı maraqlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
E.ŞİRİNOV