Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısının birgə təşkilatçılığı ilə “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik məqamı” mövzusunda tədbir keçirilib.
Tezadlar.az xəbər verir ki, Lənkəran rayonu Cil kəndi “Hüseyniyyə” məscidində baş tutan tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin müdiri Qağayı Məmmədov, bölmənin əməkdaşları, QMİ-nin bölgə qazısı Qəni Axundzadə, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının müdiri Ramin Hüccətov, şəhid ailələrinin üzvləri, qazilər, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Əvvəlcə Şəhidlər abidəsi ziyarət edilib, Şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Çıxışlar zamanı 2020-ci ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun parlaq qələbə qazanaraq Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytarıldığı qeyd edilib. Qazanılan qələbədə xalqımızın zəngin milli-mənəvi dəyərlərinin mühüm rolu diqqətə çatdırılaraq yeniyetmə və gənclər arasında dəyərlərimizin təbliğinin vacibliyi vurğulanıb.
R.XUDATQIZI