Bakının mərkəzində yaradılan və sonradan sökülən qanunsuz parkinqin yerində Xan Çinar ağacı əkilib.
Ağacı Bakı Şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları əkib.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, əvəzində, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumat vermişdik.
Dərhal ölkə başçısının tapşırığına əsasən məsələ ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Məlum olub ki, qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.
Buna görə Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib. Daha sonra parkinqin sökülməsinə başlanılmışdı.
Nəticədə, qanunsuz parkinq sökülərək səki bərpa edilib.
E.ŞİRİNOV