Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) iyunun 14-də keçiriləcək “Son zəng” günü ilə bağlı məzunlara və valideynlərə müraciət edib.
Bunu İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli açıqlamasında deyib ki, valideynlərin həmin gün avtomobilləri övladlarına həvalə etmə hallarına rast gəlinir: “Əziz valideynlər və məzunlar. Hər birinizi dərs ilinin başa çatması münasibəti ilə təbrik edirik. Hər il olduğu kimi, bu il də Təhsil Nazirliyi tərəfindən məzunların “Son zəng” tədbirinin hansı qaydada keçirilməsi ilə bağlı ictimaiyyətə məlumat verilib. Yol polisi olaraq bildirmək istəyirik ki, ötən illərdə “Son zəng” günü müxtəlif formalarda xoşagəlməz hadisələrin baş verdiyinin cəmiyyət olaraq şahidi olmuşuq! Çox təəssüf ki, bəzi valideynlər övladlarına avtomobil həvalə edirlər ki, həmin avtomobillərlə də müxtəlif qəzalar, bədbəxt hadisələr baş verə bilər. Belə hadisələrin olmaması üçün bir daha valideynlərə xəbərdarlıq edirik ki, idarəetmə hüququ olmayan şəxslərə sükanı həvalə etməsinlər. Bu inzibati xətadır. Belə hallarda bəzən ictimai asayişin pozulması halları da müşahidə olunur. Qəzaların və bədbəxt hadisələrin baş verməməsi üçün bu əməldən çəkinməyi xahiş edirik”.
“Son zəng” tədbiri ilə əlaqədar bütün təhsil müəssisələrinin ətrafında gücləndirilmiş qaydada polis tərəfindən xidməti fəaliyyət davam etdiriləcək: “Bir daha vətəndaşlardan, xüsusilə valideynlərdən xahiş edirik ki, qanunsuz əməllərə yol verməsinlər. “Son zəng” kimi tədbir hər hansı bir bədbəxt hadisə fonunda tamamlanmasın”, - deyə baş inspektor vurğulayıb.