Gürcüstanda Tbilisi Dövlət Universitetinin professorları, universitetdə baş verən fiziki qarşıdurma faktına görə aidiyyati qurumları hüquqi müdaxilə etməyə çağırıblar.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə professorların ortaq bəyanatında qeyd olunub. Sözügedən bəyanatda tələbələrə də müraciət olunub və fikirlərini konstruktiv şəkildə bildirməyə çağırılıb: “Biz, həm tələbələr, həm də akademik heyətin fikir və ifadə azadlığına hörmətlə yanaşırıq. Məhz biz, tələbələrə bu fikir və ifadə azadlığını öyrədirik, buna görə də baş verən hadisələr bizim üçün qəbuledilməzdir. Universitet əməkdaşlarının, o cümlədən professorun, həmkarımızın, bir alimin xəsarət alması ilə nəticələnən zorakılığı, qeyri-konstruktiv etirazı pisləyirik. Hesab edirik ki, universitet rəhbərliyi, eləcə də hüquq-mühafizə orqanları bu fakta müdaxilə etməlidir. Tələbələri, etiraz etdikləri zaman fikirlərini konstruktiv şəkildə bildirməyə çağırırıq. Nəzərə alın ki, aksiyalar zamanı, ümumiyyətlə, təkcə inzibati qurum deyil, aksiya iştirakçıları da başqalarının hüquqlarını qorumağa, mənəvi-hüquqi çərçivədən kənara çıxmamağa borcludurlar!", - deyə professorların bəyanatında qeyd olunub.
Xatırladaq ki, Tbilisi Dövlət Universitetində (TDU) tələbələrin 2 may tarixindən etibarən davam edən etirazları, ötən gün qarşıdurma ilə nəticələnib.
Qarşıdurma bir qrup tələbə və universitet mühafizə işçiləri arasında baş verib. Belə ki, həftələrdir dərs rejiminin onlayn olaraq davam etməsini, həmçinin imtahanların da onlayn olaraq keçirilməsini tələb edən tələbələr universitet rektoru ilə görüşmək istəyiblər, lakin onlara rədd cavabı gəlib və bu səbəbdən tələbələr rektorun kabinetinə zorla daxil olmaq istəyiblər, ancaq universitet mühafizə işçiləri buna qarşı gəlib və nəticədə tərəflər arasında fiziki qarşıdurma baş verib. Qarşıdurma sonunda tələbələr rektorun kabinetini ələ keçiriblər və tələblərinin yerinə yetirilənədək kabineti tərk etməyəcəklərini bildiriblər. Universitetdən verilən məlumata görə, qarşıdurma nəticəsində universitetin 5 mühafizə işçisi yaralanıb, onlardan 4-ü xəstəxanaya qaldırılıb, biri isə yerindəcə müalicə olunub. Həmçinin fiziki şiddətə universitet professorunun da məruz qaldığı bildirilir.
Univesitet rəhbərliyi, qarşıdurma zamanı başqa universitetdən olan tələbələr və kənar şəxslərin də iştirak etdiklərini, bu səbəbdən onlar barəsində istintaq başladılacağını, TDU tələbələri barəsində isə Universitetin Etika Komissiyasına müraciət olunacağını bildirir.
24News.ge