Xaçmazın Çaykənarı (keçmiş Alekseyevka) kəndinin sakinləri 30 ildən çoxdur yolların təmiri üçün aidiyyəti üzrə qurumlara müraciət etsələr də, nəticəsi olmayıb: “9 kilometrlik yolun əlində qalmışıq. Qonşu kəndlər olan Qımılqışlağın, Uzunobanın yolları dəfələrlə təmir olunub, bizə çatanda deyirlər, pul yoxdur”.
Kənd sakini Zahirə Abbasova bildirir ki, kəndin 2 mindən çox əhalisi var və hamısı yolsuzluqdan əziyyət çəkir: “9 kilometrlik yolu təmir etmək hökumət üçün çətin iş deyil, ancaq o yolu gedib-gəlmək bizim üçün məşəqqətdir. Şimal rayonudur, tez-tez yağış yağır, uşaqlar məktəbə gedib-gələndə su ilə dolu çuxurlara düşür, əl-ayaqları əzilir, sınır. Qonaq yanında da üzümüz qaradır. Kənardan adam gəlmək istəmir bu kəndə. Qonaq gəlir, maşını yollarda çala-çuxura düşüb zədələnir, gələn qonağın yanında da pərt vəziyyətdə qalırsan. Əvvəllər ictimai nəqliyyat işləyirdi, indi o da yoxdur. Təcili yardım əsas yola kimi gəlir, ordan zəng vurub deyir, gəlin bizi özünüz aparın. Təcili yardım maşınını kəndin içərisinə sürmürlər”.
Yağışlı günlərdə əziyyət birə beş artır. Sakinlər su ilə dolu çuxurlara düşməmək üçün kilometrlərlə yolu uzatmalı olurlar, Qubadan dolanıb keçməklə Çaykənarıya - evlərinə gəlib çatırlar.
Elsevər Qurbanovun sözlərinə görə, kəndin yolları sonuncu dəfə 40 il əvvəl təmir olunub: “Sonralar vaxtaşırı özümüz çınqıl, daş alıb tökməklə, necə deyərlər, yolları “yola vermişik”. Ancaq belə olmur, bu yollar əsaslı təmir olunmalıdır. Cəmi 9 kilometrdir. Qonşu kəndlərin yollarına üst-üstə asfalt döşəməyə pul tapılır, amma bizim kəndə çatanda deyirlər, pul yoxdur. Çünki o kəndlərdə bir az imkanlı, əli hər yerə çatan adamlar var, çox təəssüf ki, bizdə o adamlardan yoxdur”.
E.ŞİRİNOV