"e-Manat Modenis" Məhdud Məsuliyyətli Cəmiyyətinin terminalları vasitəsilə bank kartlara köçürülən vəsaitlə bağlı kütləvi problemlər yarandığı bildirilir.
Şikayətçilərin sözlərinə görə, iyunun 14-də həmin terminallar vasitəsilə "AzərTürkBank" bank kartlarına köçürülən vəsait bir sutkadan çoxdur ki, kart sahiblərin hesabına köçürülməyib: "Zəng vuranda müxtəlif səbəblər gətirərək "pul kartınıza köçürüləcək" deyilsə də, nəticə sıfırdır".
e-Manat Modenis" Məhdud Məsuliyyətli Cəmiyyətindən bildirilib ki, iyunun 14-də texniki problem yaşanıb və hələlik bu problemi həll etmək mümkün deyil: "Bizim sistemimizdə ödənişlərin uğurla keçdiyi göstərilir, amma, nədənsə, bankın sistemində ödənişlər göünmür".
Şirkətdən qeyd olunub ki, mütəxəssisləri problem üzərində işləyir: "Problem həll olunan kimi vəsaitlər hesabına köçürüləcək. Lakin bunun nə vaxt olacağını deyə bilmərik".
"AzərTürkBank" Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, bank sistemində problem yoxdur: "Problem e-Manatın sistemində olub, indi də davam edir".
Bank məsələlər üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, problem müxtəlif səbəblərdən qaynaqlana bilər: "Texniki da ola bilər. Amma istənilən halda məsuliyyət hər iki qurumun üstündədir".
Ekspertin sözlərinə görə, kart sahibi məhkəməyə müraciət edə bilər: "Əgər kart sahibinə maddi ziyan dəyibsə, yəni o harasa bu pulu köçürməli idisə, yaranmış məsələyə görə köçürə bilməyibsə və onun üzərinə maliyə sanksiya gəlibsə, onda maddi təzminat istəyə bilər. Həmçinin mənəvi təzminat da tələb etmək mümkündür".
E.ŞİRİNOV