...Səhər saat 10-da bu xəbəri oxuyan kimi dərhal Gəncəyə yola düşdüm. Bu mənim ilk növbədə Azərbaycan xanımlarına nümunə saydığım, Bacı dediyim Etibar xanımın qarşısında borcum idi. Mənim üçün Koroğlunun Nigarı, Qaçaq Nəbinin Həcəri nağıllardır. Ancaq bu xanımlar haqqında deyilənlərdən də qat-qat artığına layiq olan, həyat yoldaşına sadiqlik, gəlinlik, eltilik, ana nümunəsi, həyat yoldaşı uğrunda bir Ordunun görə bilmədiyini edən, mərdliyi, sözünə bütövlüyü ilə kişilərə də nümunə olan Etibarın hərəkətlərini öz gözlərimlə görmüşəm. Bundan başqa, bu səfərim həm də sonuncu dəfə insanların yaxşılığa necə cavab vermələrini özümün görmək istəyim idi.
Müzamil Abdullayev haqqında yaddaşımda qalanları yazsam əminəm ki, çox maraqlı bir kitab alınar. Bu yazımda, ancaq xatirələrimdən çox qısa hissələr bölüşəcəm. İlk dəfə onun haqqında hələ Krasnodarda hüquq fakültəsində oxuyarkən xəbər tutmuşdum. Krasnodarda olan bütün azərbaycanlı tələbələrə restoranda qonaqlıq vermişdi. Mən dəvət olunsam da tanımadığımdan getməmişdim. Həmin vaxtlar M.Abdullayev SSRİ-də şərabçılığın vətəni sayılan Krasnodar şəhərində namizədlik dissertasiyasını müdafiə edirdi. Qeyd edim ki, indiki vəzifə sahiblərindən fərqli olaraq o, əsl alim, işinin peşəkarı idi. Artıq ona vəkillik edəndə kimliyini bildim. Kasıb bir ailədən olan M.Abdullayev Gəncədə Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdi. İlk haqsızlıqla da onda qarşılaşmışdı. Ortabab oxuyanlar Bakıya, Gəncəyə təyinat alsa da onu səhv etmirəmsə Göyçaya, yaxud Ucara aqronom göndərmişdilər. O vaxtlar Azərbaycana rəhbərlik edən rəhmətlik Heydər Əliyevə şikayət məktubundan sonra onun tərəfindən qəbul olunmuş, birbaşa Mərkəzi Komitəyə işə götürülmüş və daim tərəfindən himayə olunmuşdu. Məhz ona görə də SSRİ-də tanınmış Xanlar Aqrokombinatını yaratmış və uzun illər ona başçılıq etmiş, sonralar isə Baş Nazirin 1-ci müavini vəzifəsinə qədər yüksəlmişdir. Əlbəttə, o dövrdə vəzifəli şəxslərdə olan bir çox mənfi hərəkətlərdən də kənarda qalmamışdır. Ancaq vəzifədə olduğu illər minlərlə onu kimi kasıb insanlara dayaq olmuşdu. Mənim üçün isə ən vacibi o idi ki, Müzamilin vasitəsi ilə Heydər Əliyev haqqında çox şeyləri bilmişəm. Qeyd edim ki, 1994-cü ildə işdən haqsız olaraq kənarlaşdırıldıqdan sonra rəhmətlik Heydər Əliyevə münasibətim çox mənfi olmuşdu. Məhz M.Abdullayevlə əvvəllər MTN-nin təcridxanasında, Bayıl həbsxanasında olan ölüm kamerasında, sonralar isə ömürlük həbs cəzası çəkdiyi yerlərdə söhbətlərim zamanı rəhmətlik haqqında ağlıma gəlməyən hadisələrdən xəbərdar oldum və onun həyatını daha dərindən incələməyə başladım. Hər dəfə rəhmətlik haqqında söz düşəndə Gəncə ləhçəsi ilə “ay İsmayılov, qadan alım, sən Heydər Əliyev miqyasını bilmirsən, mən onun respublikamız üçün nələri etdiyini, öz əlaqələri vasitəsi ilə kimləri Moskvaya irəli çəkdiyini, onun vəzifəsindən azad edildikdən sonra ona nə qədər nanəciblik edildiyini gözümlə görmüşəm” deyirdi. O vaxtlar yayılan söz söhbətlərdən mən də hesab edirdim ki, Heydər Əliyev vəzifəsindən azad edildikdən sonra Moskvada hökümət bağlarında kef çəkib. O, o vaxtlar rəhmətliklə görüşəndə Heydər Əliyevin ona “ay Müzamil, insanlar niyə belə nankordurlar, niyə öz balam kimi yanaşdığım yüzlərlə sənin də tanıdığın insanlardan biri də qorxusundan mənə elə belə də baş çəkmir. Axı mənim onlardan heç bir maddi umacağım yoxdur, sadəcə diqqətə ehtiyacım var. Axı mən tək respublikam üçün yox, şəxsən onlar üçün çox əziyyət çəkmişəm” deyib gözlərinin yaşarması bu gün də gözümün qarşısındadır.
Az sonra köksünü ötürdü və əlavə etdi: “indi mən onun nələr çəkdiyini başa düşürəm”. Bir epizodu da ötəri qeyd edim ki, məhz Bayıl türməsinin güllələnməyə məhkum edilmişlərin saxlandığı yerdə rəhmətlik Şahinlə tanış oldum. Bu tanışlıq, aramızda bir-birimizə olan etibar təxminən 10 ildən sonra mənim Mircəfər Bağırovun, Əhməd Cavadın, Mükayıl Müşfiqin qəbirlərinin (belə demək mümkündürsə) harada olduğunu öyrənməyə imkan verdi. Ona qədər bu şəxslərin Nargin adasında, yaxud Rusiyanın ayrı-ayrı yerlərində güllələndiyi deyilirdi. Ancaq rəhmətlik Şahin mənə həmin şəxslərin harada, necə güllələndiyini və qalıqlarının harada olduğunu dedi. Mircəfər Bağırovun DNK etmək üçün yararlı sümükləri də 1 aya yaxın mənim iş otağımda saxlanılıb. Sonralar Mircəfər Bağırovun bacısı nəvəsi Tağı kişi həmin qalıqları götürüb ekspertiza keçirib, qalıqların Mircəfər Bağırova aid olduğu təsdiləndikdən sonra onu dəfn etdilər.
***
Müzamil Abdullayevi ilk dəfə Ali Məhkəmənin iclas zalında gördüm. “Vətənə xəyanət”də ittiham olunurdu. Bütün ölkə bu prosesdən danışırdı. Bu mənim vəkilliyə başladığım ilk proses idi. İşlə diqqətlə tanış olduqdan sonra bu işdə qanunun yox, siyasətin öndə olduğunu gördüm. Bundan əvvəl Respublika Prokurorluğunda, Prezident Aparatında işlədiyimdən, bütün məhkəmə sisteminin fəaliyyətinə aparatda məsul şəxs olduğumdan bu prosesin oyunçularının qısa zaman kəsiyində ona güllələnmə cəzası verdirəcəyinə əmin oldum. Baş verənləri hamıdan yaxşı bilən Ali Məhkəmənin o zamankı sədri, məhkəmə sistemini birbaşa hakimiyyətin oyuncağına çevirən, əvvəllər M.Abdullayevin qarşısında dik dayanan Xanlar Hacıyev istənilən göstərişi icra etməyə hazır idi. Məhkəmə prosesi zamanı həbsdə olsa da baş verənlərdən xəbərdar olan M.Abdullayev özünə sui-qəsd etdi. Təsadüf və keçmiş MTN-nin əməkdaşlarının səyi nəticəsində onu xilas etmək mümkün oldu. 1996-cı ildə ona güllələnmə cəzası verildi. Hökm elan olunduqdan sonra hakim ona bircə dəfə son görüş haqqı olduğunu dedi. M.Abdullayev ancaq vəkillə görüşmək istədiyini dedi. Həmin söhbətdə bu günə qədər müdafiəsində mənim hərəkətlərimə məhdudiyyət qoyan, prosesin ictimailəşməsinin əleyhinə olan M.Abdullayev “bu gündən sonra nə istəyirsən onu et, mən sənə özüm kimi etibar edirəm” dedi. Sonralar bu işlə bağlı insan haqları ilə məşğul olan getmədiyim ünvan, görüşmədiyim şəxs qalmadı. Bacım Etibarla bütün dünyanı dolaşdıq. Qeyd edim ki, o vaxtlar ölüm hökmünə məhkum edilmiş şəxslərə heç kimlə, o cümlədən vəkillə də görüşməyə imkan verilmirdi. Ancaq Avropa Şurasının rəhbərləri ilə görüşdükdən sonra ilk dəfə MTN-nin təcridxanasında onunla görüşdüm. M.Abdullayevlə təcridxananın rəisi İsfəndiyar İsmayılovun yanında görüşdüm. Və onu kameradan çıxaranda güllələnməyə aparıldığını zənn etsə də heç səsini belə çıxartmamış və heç bir müqavimət göstərməmişdi. Dünyalar görmüş İ. İsmayılov onun dəyanətinə, ölümün gözünə dik baxdığına məəttəl qalmışdı. M.Abdullayev haqqındakı hökm əvvəl əfv qaydasında 20 ilə endirildi, sonralar isə rəhmətlik Heydər Əliyev tərəfindən əfv edilib azad edildi.
Bilirəm ki, indi yazacağım çoxlu söz söhbətlərə səbəb olacaq və haqqımda olan şaiyələr daha da çoxalacaq. Ancaq hər işdə səmimiliyin ən düz olduğuna əmin olduğumdan hər şeyi olduğu kimi açıqlayıram. M.Abdullayevin müdafiəsində bütün işlərdə olduğu kimi heç bir maddi maraq güdməmişəm. Məhkəməyə çıxdığım dövrlər də hər ayım üçün 500 dollar qonorar almışam. Bu işlə bağlı sonrakı səfərlərimdə yol və qalmaq xərclərim Etibar xanım tərəfindən ödənilib. Mənim üçün bu iş həm də peşəkarlığımı sübut etmək üçün bir sınaq idi. Həm məhkəmə, həm də sonrakı dövrlər M.Abdullayevin pulları haqqında əfsanələr dolaşsa da ailəsində bu günkü vəzifəlilərdə gördüyüm təmtəraq, bədxərclik, zənginlik görməmişdim. Gedən söz-söhbətlərə görə həmişə bu işdə pulun heç bir rolu yoxdur və olmayacaq deyirdim, çünki bu iş üzrə çoxlarının varlanma həvəsini görürdüm. M.Abdullayev azad olunduqdan sonra otağıma gəlib stolumun üstünə bir konvert qoyub getmişdi. Düzünü deyim ki, mənim bu işdəki zəhmətimə görə mənə hörmət ediləcəyini bilirdim, ancaq 1000 dollar məbləğin zəhmətim əvəzində təhqir kimi qəbul etdiyimdən pulu qaytarmaq istəyirdim, ancaq Etibarın xahişinə görə bunu etmədim. Hər dəfə Etibar “ay qardaş, bilmədiyin çox şeylər var” deyirdi. Bu illər ərzində Etibarla bacı-qardaş münasibətimiz qalsa da M.Abdullayevlə danışmırdım. Təxminən 2 ay bundan əvvəl bildiklərimdən dəhşətə gəldim. İnsanlar nə qədər nanəcib, əxlaqsız, namərd ola bilərmiş. Axırıncı dəfə srağagün yanımda olan M.Abdullayevə qulaq asdıqca dəhşətə gəldim. Etibara ilk günlərdən “birincisi bu iş pulla həll olan deyil, ikincisi mən heç vaxt dəllallıq etməmişəm və etməyəcəm” deyib yanımda pul söhbətinin olmamasını xahiş etmişdim. Ona görə də elə mənim bu işlə məşğul olduğum vaxtlar hələ 1995-1998-ci illərdə Etibarın əlacsızlığından, inamından istifadə edən M.Abdullayevin vəzifələrə qoydurduğu “kişilər”, “qohumlar”, “dostlar” onların bütün pullarını min bir dona girib dələduzluq yolu ilə ələ keçirsələr də mənə bir söz deyilmədiyindən xəbərim olmamışdı. Bu işin uzun illər istintaqı aparıldığını da heç bilməmişəm. İndi bilirəm ki, M.Abdullayev azad olunandan sonra həmin dələduzların məsuliyyətə alınması üçün Prokurorluğa müraciət edib. 2000-ci ildə cinayət işinə xitam verilir. Uzun illər Baş Prokurorun 1-ci müavini işləyən Rüstəm Usubov qohumunun da iştirakçısı olduğu bu cinayəti ört-basdır edir. R.Usubov azad edilən kimi yenidən cinayət işi başlayır. Bu dəfə isə R.Usubovdan başqa, qohumları Prezident Administrasiyasında işləyənlər müdaxilə etməyə başlayırlar. Srağagün yanımda olan M.Abdullayev baş verənləri incəliklərinə qədər danışdıqca insan olduğuma, bu ölkədə yaşadığıma görə peşmançılıq çəkirdim. Bu yazının əsas səbəblərindən biri də M.Abdullayevin mənə son dəfə dedikləridir. “Bu gün mənim üçün pul davası yox, prinsip davasıdır. İstəyirəm ki, insanlar bilsin ki, bu qədər nanəciblik, namərdlik olmaz. Mənə qarşı etsələr heç uğraşmazdım. Ancaq dar durumda olan həyat yoldaşıma qarşı adam etdiklərimin bu nakişiliyinə qarşı ölənə qədər vuruşacam. Səndən xahiş edirəm, ölüm kamerasında məni tək qoymadığın kimi indi də tək buraxma” dedi. Otağımdan çıxanda isə geri dönüb “hesab etmə ki, mən yaxşılığı anlamayan Kişiyəm, sadəcə həqiqətən o vaxtlar imkanım yox idi və qürurumu sındırıb sənə imkanım yoxdur deyə bilmədim” deyib ağır-ağır çıxışa doğru getdi.
Hüzr yerinə daxil olandan çıxana kimi hamının onun peşəkarlığından, səbrindən, dözümündən, xeyirxahlığından danışdığının şahidi oldum. Elə orada bir daha başa düşdüm ki, dələduzların bu ailənin başına gətirdiyi müsibətlərdən məndən başqa hamının xəbəri varmış. Hüzrdə insan çoxluğuna baxmayaraq M.Abdullayevin çörək verdiyi, imkanlarına görə ona dost deyənlərdən isə çoxunu orada görmədim. Yola düşəndən bu yazıya başlayana qədər M.Abdullayevlə bağlı bildiklərim beynimdə dəfələrlə təkrarlandı. Əlbəttə onun yaşadıqları çox yaxşı günlər olub. Ancaq onun həbs edildiyi gündən rəhmətə gedənə qədər çəkdiklərini kiminsə çəkə biləcəyinə inanmıram. Onun həyatı mənə bir daha göstərdi ki, dünya fani, insanlar etibarsız, dayaq olan ailə, yadda qalan isə yaxşı əməllərdir. Namərdlik edənlər isə unutmasınlar ki, geci-tezi cəzalarını alacaqlar. Bunu qanunlar, insanlar etməsə də, Uca Allah artıqlaması ilə edəcək.
Yazı hisslər əsasında yazıldığından anlayışla qarşılaşacağına ümid edirəm.
Adı kimi özü də etibarlı olan Etibar bacıma səbr, Müzamil Abdullayevə isə Uca Allahdan rəhmət diləyirəm!
Aslan İsmayılov, vəkil