Allahverdi Eminov
(Unudulmaz müəllimlərimiz)
...Filologiya fakültəsinə qəbul olunmuşdum, bir neçə gündən sonra dərslər baslanacaqdı, yataqxana problemi düzəlmişdi. Əslində, I kursları bu məişət hüququndan məhrum eləmək istəmişdilər. Pedaqoji İnstitutun rektoru, mərhum Mehdixan Vəkilov qəti etirazını bildirərək deyib ki, əksinə, V kurslar Bakını yaxşı tanıyır, qoy bir il kirayəşin olsunlar, birinci kurslar isə rayonlardan gəliblər, hələ uşaqdılar.
Allah belə insanpərvər ziyalılarımıza rəhmət eləsin!
Eyni kursa daxil olan tələbə yoldaşlarımızdan Bəhram Avılov, Hökmalı Dostəliyev, Rafiq Məmmədovla dərdləşirdik. Qəribsəsək də özümüzü o yerə qoymurduq, necə oxuyacağımız, kimlərin bizə dərs deyəcəkləri barədə söhbətləşirdik. Kənardan bizi dinləyən arıq bir oğlan söhbətə qoşuldu. Öyrəndik ki, o, II kurs tələbəsi Əliyar Əliyevdir:
- Kamal Qəhrəmanovdan qiymət alsanız İnstitutu bitirmiş hesab edin, - dedi və gülümsündü: - Sizi qorxutmaq üçün demirəm. Savadlı, tələbkar, güzəştsiz müəllimdir. Ədəbiyyatşünaslıqdan mühazirə oxuyacaq.
Bu müdaxilə xəbərdarlıqdırmı, yoxsa belə ədəbiyyatşünasın əlindən “canını qurtardığından” lovğalanmaq idimi? Hər ikisi ola bilərdi və düzgün qəbul etmək lazım gəlirdi. Fakultənin dekan müavini, tarixçi, professor Şükür Sadıqov bəstəboy, qara qıvrım saçlı, təxminən 30-35 yaşlı bir müəllimlə auditoriyaya girdi, dərhal ayağa qalxdıq, salamlaşdıq.
- Kamal müəllimdir, Qəhrəmanov, - dedi və əlavə etdi: - “Ədəbiyyatşünaslığın əsasları” fənnindən dərs verəcək.
Sonra həmkarını mehribanlıqla süzdü, zərif bir zarafatdan sonra otaqdan çıxdı.
Mən yanılmamışdım, təxmini verdiyim “35” rəqəmi düz çıxdı və qəribədir, 35 ildən sonra unudulmaz Kamal müəllimimi xatırladım. Niyə, nə üçün? Sual həmişə məni düşündürmüşdür: -Gəncliyin boynunda haqq - sayı olan, cəmiyyətdə izi qalan ziyalı pedaqoq - alimlərimiz hansı səbəblərdən unudulur? Kimsəsizlikdənmi, laqeydlikdənmi? Bu dəfə sualımı cavabsız buraxaq.
***
...Kamal Qəhrəmanov Şuşada doğulmuşdu, bu şəhərin saf havasını udmuşdu, ona görə də saf adamdı, təmiz insandı. Çox erkən yaşlarında Vətən savaşına (1941) getmişdi, döyüş yolu keçmişdi. Qayıdanda ədəbi mühitə düşmüşdü: Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Əbdüləzəl Dəmirçizadə, Sədi Əfəndiyev, İsmayıl Şıxlı, Əhəd Hüseynov kimi müqtədir alim - pedaqoqlarla bir sırada çalışmışdı. Təsadüfi deyil, professor M.Rəfili kimi görkəmli alimin fənnindən - ədəbiyyatşünaslıq və Azərbaycan ədəbiyyatından mühazirələr oxumuşdu. Elmi rəhbəri də Rəfili olmuşdu, lakin gənc Qəhrəmanovun obyektiv təkəbbürlüyü, güzəştə getməməsi və s. iddiası professorun xoşuna gəlməmiş, o da başa çatmış tədqiqatından imtina etmiş, başqa mövzuda dissertasiya yazmışdı.
Kamal Qəhrəmanov ən çox mərhum yazıçımız, əvəzsiz pedaqoq İsmayıl Şıxlı ilə ünisiyyətdə bulunurdu. Bu da səbəbsiz deyildi: İsmayıl müəllim də, Kamal müəllim də əqidəcə, iştahca (60-cı illərdə rüşvətin virusları cəmiyyəti təzəcə xəstələndirmişdi) da təmizdilər, əyilməzdilər. İsmayıl Şıxlı yalnız onunla zarafatlaşardı. Auditoriyada isə hər iki müəllimimiz ciddiydilər.
Mən ötən illərə qayıdanda, o dövrün ali məktəb müəllimləri barədə yazanda bir məsələni xüsusi vurğulayıram: Təmizlik!
Təəccüblü görünə bilər bu günkü nəsil üçün, nahaq yerə 60-70-ci illəri deyirəm. Hansı ki, bilavasitə şahidi olmuşuq. Elmi dərəcəsizi də, dosenti, professoru da tələbələrin gözünün içərisinə açıq alınla baxırdılar. Azər Hüseynov, Cəfər İbrahimov, Yunis Ələsgərov, Məmməd Şıxlı, Şükür Sadıqov, Əhəd Hüseynov, Aben Kərimov, Əminə Hüseynova və qeyri-müəllimlərimiz də Kamal Qəhrəmanov və İsmayıl Şıxlı kimi ideallarımız təmizlik nümunəsiydi.
***
Səksəninci illərdi, İsmayıl Şıxlının evində dayılarımla (onlar yaxın qohumdular) qonaq idik. Xəstəlikdən uzaq, qamətli İsmayıl müəllim maraqlı söhbətlər edirdi. Yadında qalmış tələbələrini xəbər alırdı, maraqlanırdı onlarla. Mən də o vaxt “müəmmalı” görünən əhvalatlardan suallar verirdim.
- İsmayıl müəllim, - dedim. - Bir suala münasibətinizi istəyirəm. Nə vaxtdı ürəyimdə dolanır.
O, əliylə sıx qara saçını sığalladı (bu, onun adətiydi), üzümə baxdı. Mən cəsarətləndim:
- Ali məktəblərdə natəmizliyə, xüsusilə, doğma APİ-yə necə baxırsız?
İsmayıl müəllim ani sükutdan sonra dedi:
- Nə qədər Kamal Qəhrəmanov dəyişməyib, heç bir natəmizliyə inanmıram.
Bu, müdrik yazıçı qiymətiydi!
Həqiqətən də Kamal Qəhrəmanov dəyişmədi. Axı, bu necə ola bilərdi: Cavanlığını Pedaqoji İnstitutun yataqxanasında bir otaqlı mənzildə qoca anası ilə keçirən filoloq - alim hansı natəmizliyə meyl göstərə bilərdi?! (Biz tələbələrlə eyni mərtəbədə yaşayırdı).
Kamal müəllim I kursda biz tələbələrlə mühazirələri necə dinləməyin, qeydlər aparmağın, seminar məşğələlərinə necə hazırlaşmağın yolunu öyrətdi. Heç vədə qeydləri olmazdı, auditoriyaya girib sinif nümayəndəsinə: “Kim yoxdur?” sualını verməzdi. Nəzərlərini gəzdirər, kimin gəlmədiyini özü müəyyənləsdirər və sol əli cibində ahəstə var-gəllə qaşları müəmmalı çatılardı. Suala cavab verməyəndə istehzalı gülümsəyərdi.
Düzü, bunun ciddiliyinə məna verməsək də elə - belə də ötüşməzdik. Kamal müəllimlə həmyerli olan, yay aylarında istirahət vaxtı salamlaşan, Pedaqoji Universitetin dosenti Təyyar Cəfərov yataqxanada deyərdi ki, Kamal müəllimin istehzasından kim canını qurtarmaq istəyirsə ədəbiyyatşünaslığı öyrənməlidir. Həqiqətən, O öz mühazirələrinə daha çox inanırdı və sonralar yazdığımız mühazirə dəftərlərini oxuyanda bu inama haqq qazandırırdıq. Kamal Qəhrəmanov anlayısları, ədəbiyyata yanaşma, meyl və üslubları həm qlobal, həm də incəliklərinə qədər xır-dalayırdı maraqlı nümunələrilə.
Onun iti yaddaşı vardı. Yuxarı kurslarda Azərbaycan Sovet ədəbiyyatından mühazirələr oxuyanda şeiriləri rəvan səslə əzbərdən söyləyərdi. S.Vurğunu, S.Rüstəmi, M.Müşfiqi, R.Rzanı, M.Rahimi həvəslə auditoriyaya çatdırardı. “Komsomol poeması”ndan ən kövrək yerləri söyləyərdi, eləcə də “Ana və poçtalyon”, “Leninqrad göylərində” əsərlərini. Sanballı yazıçı Əbülhəsənin, təfərrüatlı na-sir Əli Vəliyevin romanlarının məziyyətlərini təhlilə qoşurdu. “Dostluq qalası” (“Müharibə”) romanı haqqında sanballı məqaləsi 50-ci illərdə “Azərbaycan” jurnalında çıxanda sensasiya kimi qarşılanmış, Yazıçılar İttifaqında görkəmli ədib Mehdi Hüseyn məqaləni tərifləmişdi. Bu faktı, əlbəttə, bizə İsmayıl Şıxlı demişdi.
***
Kamal Qəhrəmanov xaraktercə ciddi, sözü üzə deyən adamdı. İstər kafedra, istərsə İnstitutun mötəbər iclaslarında ədalətsizliyə dözməyən, haqqı müdafiə eləyəndi. Onun bu keyfiyyətini yeksək qiymətləndirən mərhum psixoloq, professor, Pedaqoji İnstitutun o zamankı rektoru Şövqi Ağayev sezmiş, yüksək vəzifələr təklif eləmişdi. Güc - bəla ilə dekan müavini işləmiş, az sonra uzaqlaşmışdı. Bəlkə də 60-cı illərdə neqativ halların ali məktəblərə ayaq açmasından xoflanmış, təmizliyini firavanlığa qurban verməmişdi. Yazıçı İsmayıl Şıxlının qənaəti kimi.
Mən pedaqogika üzrə Əhməd Seyidovun aspirantı idim. Hər həftə doğma Pedaqoji İnstitutda müəllimlərimlə görüşürdüm, ədəbi söhbətlərdə bulunurdun. Saçlarına təzəcə dən düşmüş sevimli müəllimimlə görüşəndə cavanlıq çılğınlığı ilə ötən illəri xatırlayırdı:
- Təyyar Cəfərov, Aydın Şirinov, Rafiq Xəlilov, Yasin Qaraməmmədli, Himalay Qasımzadə ilə bir çalışırıq, - deyirdi. Və onların hörmət - izzəti saxladıqlarını vurğulayırdı. - Sənsə ədəbiyyatı bəyənmədin. - Yarızarafat, yarıciddi narazılığını bildirirdi: - Bəlkə qayıdasan? - Sualedici baxışlarından canıyananlıq oxunurdu.
Mən Kamal müəllimi başa düşürdüm. Tələbə ikən “Gənc müəllim” və “Azərbaycan gəncləri” qəzetlərində çıxan kiçik ədəbi qeydlərimi, resenziyalarımı oxuyub sevinirdi. O zaman gənc olan Fikrət Qocanın ilk kitabı “Qağayı” barədə məqaləmi tərifləmişdi. İndi bir müəllim sevinciylə xəfif narazılığını bildirirdi.
K.Qəhrəmanovun imtahanı sərt götürmək üslubu məşhur idi və bunun tələbkar qəhrəmanı idi. Necə ki, iki dəfə biz bu vahiməli mübarizə meydanını görmüsdük. İş gətirdi, “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı sifətiylə Pedaqoji İnstitutda semestr imtahanlarından yazmalı oldum. Və tərəddüdsüz Kamal Qəhrəmanovun “Ədəbiyyatşünaslıq” fənninin imtahanında iştirak elədim. Baxmayaraq, üstündən iyirmi il keçmişdi. Müəllim zahirən də, üslubca da ciddi dəyişməmişdi. Möv-zuların genişliyi və dərinliyi içərisində ən incə, ağlagəlməz nöqtələri, ştrixləri açıqlamağı soruşur, dolaşıq məqamlarda cüzi köməklik göstərir, qiymətdə isə obyektiv xəsisliyini büruzə verirdi. Bircə biz nəsillə müqayisədə fərqi o idi, “Kömək əlini” uzadırdı. Bu nəydi, illərin - yaşın Kamal müəllim xarakterini yumşaltması, onun güzəştə getməsi məntiqiydi, yoxsa tələbələrin səviyyəcə biz nəsildən fərqliliyiydi?! Cavabı çətin olsa da onu deyərdim ki, Kamal Qəhrəmanov həyatın dupduru, axarlı sahillərində yaşayırdı, cəmiyət sağlamdı, lillənmişdi. Tələbələrdə məsuliyyət hissi daha güclüydü. Yox, bu amil də Kamal Qəhrəmanovu yumşaltmaqda acizdi. İmtahanın gedişində bir məqam əvvəlki qənaətimə haqq qazandırdı: Keçmiş tələbələrindən professor Qəzənfər Kazımov və professor Aydın Hacıyev xidməti işlə bağlı üzr istəyib, içəri girdilər. Rektorluğun tapşırığını Kamal müəllimə çatdırmaq üçün bir xeyli susdular, sanki deyəcəklərini müəllimlərinin əmri kimi qarşılayacağından ehtiyat eləyirdilər. Handan-hana Kamal müəllim dilləndi:
- Hə, sözünüzü deyin, - gülümsündü. - Çəkinməyin, daha tələbə deyilsiz.
Qəzənfər müəllim həyəcanını axır ki cilovladı:
- Bizim cəsarətimiz çatmaz tələbə tapşırmağa. - Yumor hissli Qəzənfər müəllim ciddi görkəm aldı. Aydın müəllim də dinib - danışmağa cəsarət göstərmirdi...
Mənim üçün bu gözlənilməz görüş insan xarakterinin səbatlığını, ləyaqətini təsdiqləyirdi. Kamal Qəhrəmanov nəslini həyat ipə - sapa yatızdırmaqda acizdi. Və onlar beləcə xatirələşdilər...
***
Arxivimdə nəyisə axtarırdım. Saralmış, səliqəsini illərə vermiş bir dəftər əlimə keçdi. Ədəbiyyatşünaslıqdan bir-iki mövzu qalmışdı, heyifsilənsəm də həyəcanla vərəqlədim. Titrəyən əlim deyildi, uzaqdan boylanan xatirələrimdi. Yazı solğunlaşsa da apaydın oxunurdu, hər işarənin, sözün, cümlənin yazılma tarixi yaddaşımda necə də qalmışdı. Yox, bu elə - belə yazı - pozu deyildi, unudulmaz Kamal müəllimin tələbələrinə ürəkdən gələn fikirləriydi, istəyi idi. O, bir zaman söylədiyini beynində, ürəyində yaşatmış və tələbələrinin yaddaşında əbədiləşdirmək üçün dəf-tərlərə köçürtdürmüşdü.
Kamal müəllim yanılmamışdı, haqq qünyasında güman ki, bu etibardan onun saf ruhuna pay düşmüşdü...
***
Özümü cilovlamaq mənim üçün nə qədər çətindi. İnsan niyə quş ömrünü də yaşamır? Haradan bilsin ki, onun doğmaları, övladları, nəvələri xatirələrin göynərtisini özləriylə gəzdirirlər? Yox, deyirlər əyan olur. Əlbəttə, ancaq deyirlər.
Telefon nömrəsi. Səs çağırır... Kimi? Səsə bu evin sahibi, minlərlə yetişdirməsiylə fəxr eləyən Kamal Qəhrəmanov cavab verməyəcəkdi...