Məlum olduğu kimi, iyulun 13-də Azərbaycanda Aİ-95 və Aİ-98 markalı benzinin qiymətləri qalxdı. Belə ki, Aİ-95 markalı benzinin qiyməti 40 qəpik bahalaşaraq 2 manat, Aİ-98 markalı benzinin qiyməti də 40 qəpik bahalaşaraq 2,30 qəpik səviyyədə müəyyənləşdirildi.

Qiymətin bahalaşması həmin növ yanacağın xaricdən idxal olnması ilə izah edilir.

Bəzi ekspertlər isə hesab edir ki, adı çəkilən benzinin istehsalı üçün bəzi ölkələrə xammal Azərbaycandan göndərilir. Belə ölkələr sırasında Rumıniyanın adı çəkilir.

Bəs Azərbaycana idxal olunan Aİ-95 və Aİ-98 benzini harada, hansı şirkətin zavodunda istehsal olunur? Xammal haradan göndərilir?

SOCAR-dan bildirilib ki, bu il Azərbaycana Aİ-95 markalı benzin əsasən 4 ölkədən gətirilib. "Yanvar-aprel ayları ərzində Azərbaycana Rusiya, Bolqarıstan, Rumıniya və Türkmənistandan 29 min 981 ton Aİ-95 markalı benzin gətirlib. Bu bir il əvvəlki göstərici ilə müqayisədə 36 faiz azdır. Aİ-95 markalı benzin əsasən Rumıniyadan idxal olunur".

Qurumdan verilən məlumatda qeyd olunub ki, azalma əsas tədarük bazarlarından biri olan Rusiyadan idxal həcminin 4 dəfə aşağı düşməsi ilə əlaqədardır: "Ötən il xaricdən aldığımız 147 min 412 ton Aİ-95 markalı benzinin 44,5 faizi Rumıniyanın, 35, 2 faizi Rusiyanın payına düşüb".

Aİ-98 markalı benzinə gəlincə, bu ilin yanvar-aprel aylarında Azərbaycana 292,62 min ABŞ dolları dəyərində 267,29 ton həmin markalı benzin idxal edilib. Ötən illə müqayisədə idxal olunan benzinin həcmi 3,6 dəfə azalıb.

Rumıniya məsələsinə gəlincə isə, vurğulanıb ki, 2011-ci ildə təsis olunmuş «SOCAR  Romania S.A» şirkəti yalnız Rumıniya ərazisində neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur.

Qeyd olunub ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 2023-cü ilin 2-ci kvartalında AVRO-5 standartlarına uyğun benzinin istehsalı üçün layihə çərçivəsində çalışmalar davam edir.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu ilin ilk 5 ay ərzində Azərbaycan ən çox nefti İtaliyaya satıb. «İtaliyaya 3 327 937,37 min ABŞ dolları dəyərində 4 737 557,99 ton neft ixrac edib. "Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsraildir. Göstərilən dövrdə Azərbaycan İsrailə 855 500,01 min dollar dəyərində 1 194 565,25 ton neft ixrac edib. Hindistana yanvar-may aylarında 770 016,57 min dollar dəyərində 959 145,53 ton neft ixrac edilib. Böyük Britaniyaya 463 498,42 min dollar dəyərində 613 731,08 ton neft satılıb, Portuqaliyaya isə 428 162,99 min dollarlıq 607 944,06 ton neft satılıb".

Bolqarıstana və Rumıniyaya gəlincə isə, komitədən bildirilib ki, göstərilən dövrdə Bolqarıstanla bağlı hər hansı məlumat yoxdur. "Rumıniyaya isə 103 202,37 min dollarlıq 170 203,55 ton neft satılıb".

Daha sonra qeyd olunub ki, yanvar-may aylarında 22 ölkəyə 8 058 720,31 min dollarlıq 11 383 684,99 ton neft ixrac edilib.

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, Azərbaycan Aİ-95 və Aİ-98 markalı benzini SOCAR-ın törəmə şirkəti vasitəsilə alır.

Onun sözlərinə görə, bu markalı benzin Azərbaycana əsasən iki ölkədən gəlir: "Bu ölkələr Rumıniya və Rusiyadır. Rumıniyada SOCAR-ın neftayırma zavodu var. Amma bu zavod tək özünün deyil, konsorsium Rumıniyanın şirkəti ilə birgə idarə olunur".

Ekspert deyir ki, Azərbaycan Rumıniyaya neft satsa da, Azərbaycana satılan benzinin həmin xam neftindən istehsal olunmasını sübut etmək çətindir. "Çünki Rumıniya başqa ölkələrdən – Körfəz ölkələrindən də neft alır. Rusiya-Ukrayna müharibəsinə görə yaranmış problemlərdən əvvəl Rumıniya Rusiyadan da neft alırdı".

O, qeyd edib ki, Rumıniyanın neft tələbatının təqribən 20-25 faizini Azərbaycan ödəyir: "Rumıniya Azərbaycandan xam neftini alsa da, zavodun neftin alması ilə bağlı müqavilənin olub-olmamasının rəsmi məlumat verilmir. Amma ehtimal etmək olar ki, SOCAR-ın Rumıniyada belə bir zavodu varsa öz neftini niyə ora göndərməsin? Məntiqlə xam malını göndərib orada emal etmək daha doğru olardı. Amma bunu sübut edən heç bir sənəd açıq mənbələrdə yoxdur. Rusiyaya gəlincə, biz ona neft satmırıq, o benzinin istehsalı üçün öz neftindən istifadə edir".

İqtisadçı bildirib ki, Aİ-98 markalı benzin Avropa ölkələrindən, əsasən də Rumıniyadan alınırdı: "Sadəcə, onun həcmi o qədər azdır ki, o, Azərbaycanda istehlakın 1 faizini belə ödəmir".

E.ŞİRİNOV  

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN