İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC məhsul istehsalının həcmini artırır və ixrac coğrafiyasını genişləndirir.
Belə ki, şirkət Avropanın daha bir ölkəsinə - Finlandiyaya quyu qapaqlarının ixracına başlayıb və ilkin mərhələdə sifarişçi tərəfə 240 tondan çox məhsulun göndərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, investisiya dəyəri 103 milyon ABŞ dollarından çox olan “Azertexnolayn” MMC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının ərazisində qabaqcıl texnologiyalar əsasında müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir.
Ümumilikdə, şirkət tərəfindən istehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, dünyanın 15-dən çox ölkəsinə ixrac edilir. Hazırda müəssisədə 60-dan çox çeşiddə məhsul istehsal olunur.
Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkı “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılıb.
Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının ərazisi 508 hektar təşkil edir.
Parkın yaradılmasında məqsəd sənaye istehsalının, xüsusilə kimya sənayesinin inkişafına müsbət təsir göstərməkdir.
Sumqayıt Kimya Sənaye Parkı neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların istehsalı və emalı müəssisələrinin fəaliyyəti üçün nəzərdə tutulub.
Parkın rezidentləri 10 il müddətinə - əmlak və korporativ gəlir vergisindən, həmçinin idxal olunan avadanlıqlara görə ƏDV-dən, 7 il müddətinə gömrük rüsumundan azaddırlar.
Və artıq sənaye parkının rezidentlərinin sayı 31-ə çatıb.
Y.MƏMMƏDLİ